Bilik Fondu Almaniyada görüş keçirib

2 Aprel 2015 10:44 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə Almaniya Federativ Respublikası Auqsburq Universitetinin nəzdində fəaliyyət göstərən Jakob-Fugger Fondunun icraçı meneceri Dr. Tilman Schröder və universitetin professoru Prof. Dr. Klaus Wolf ilə görüşüb. Fondun İnformasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, görüş çərçivəsində Bilik Fondu ilə Almaniyada maarifçilik və analitik araşdırmalarla bağlı layihələr həyata keçirən Jakob-Fugger Fondu arasında ikitərəfli münasibətlərə dair əməkdaşlıq sazişi imzalanıb.

Sazişə görə, Bilik Fondu ilə Jakob-Fugger Fondu arasında birgə layihələrin həyata keçirilməsi, Azərbaycan elmi, tarixi, mədəniyyəti və incəsənətinin Almaniyada təbliği istiqamətində müştərək tədbirlərin gerçəkləşdirilməsi nəzərdə tutulur.

Fugger Fondunun rəhbəri Auqsburq Universitetinin prezidenti Prof. Sabine Doering-Manteuffeldir.

Bilik Fondu "Azərbaycan elmi xaricdə" proqramı çərçivəsində bir sıra xarici universitetlərlə əməkdaşlığını genişləndirir.