Azərbaycan çempionatının qalibləri müəyyənləşib

29 Mart 2015 16:35 (UTC+04:00)

Respublika Şahmat Mərkəzində keçirilən 14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan çempionatına yekun vurulub. SİA-nın məlumatına görə, 18 yaşadək qızlar arasında Aytən Əmrəyeva (Bakı) 7 oyundan 7 xal toplayaraq çempion adını qazanıb. Nərmin Məmmədova (Bakı) 5 xalla 2-ci, Xatun Bağırova (Bakı) 4.5 xalla 3-cü olub.

Eyni yaşlı oğlanların mübarizəsində Zaur Bayramov (Sumqayıt) aktivinə 7 xal yazaraq 1-ci yerin sahibi olub. Bakı şahmatçıları Ülvi Sadıxov və Vəli Zeynalzadə hərəyə 6.5 xal toplayaraq 2-3-cü yerləri bölüşdürüblər.

16 yaşadək oğlanların yarışında İsmayıl Şahəliyev (Bakı) 11 oyundan aktivinə 9.5 xal yazaraq çempion adına layiq görülüb. Niyazi Nağdiyev (Bakı) və Pərviz Qasımov (Naxçıvan) hərəyə 8.5 xal toplayaraq 2-3-cü yerləri bölüşdürüblər.

Eyni yaşlı qızların mübarizəsində isə Bakı təmsilçisi Nərmin Kərimzadə 9 oyundan 8 xal toplayaraq çempion olub. Naxçıvan şahmatçısı Aynur Kətanova 7.5 xalla çempionatın gümüş, Lənkaran şahmatçısı Nəzrin Mirzəzadə isə 6.5 xalla bürünc mükafatçısı olub.

14 yaşadək oğlanlar arasında Kənan Qarayev (Bakı) və Murad İbrahimli (Sumqayıt) 11 oyundan hərəyə 9.5 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə Kənan Qarayev çempion adına layiq görülüb. Andrey Mustafin isə 7.5 xal toplayaraq 3-cü yerin sahibi olub.

Xanım Balacayeva 11 oyundan 11 xal toplayaraq 14 yaşadək qızlar arasında çempion adını qazanıb. Aytac Heydərova 9 xalla 2-ci, Susan Məmmədova isə (Ucar) 7.5 xalla 3-cü pillənin sahibi olub.

Xatırladaq ki, çempionat bütün yaş qruplarında dairəvi sistem üzrə keçirilib və yarışın əsasnaməsinə görə, bütün yaş qrupları üzrə 1-ci yeri tutan şahmaçılar dünya çempionatına, 2-ci yerin sahibləri isə Avropa çempionatına vəsiqə qazanıblar.