İçərişəhərdə Beynəlxalq Novruz Festivalı keçirilir

1 Yanvar 2005 00:00 (UTC+04:00)

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə baharın gəlişini müjdələyən, xalqımızın qədim tarixə malik milli bayramı olan Novruz münasibətilə təşkil edilən II Beynəlxalq Novruz Festivalının açılışı olub. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Rahib Azəri festivalın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, artıq ikinci dəfədir keçirilən və dörd gün davam edəcək Beynəlxalq Novruz Festivalında Azərbaycanla yanaşı bu bayramı qeyd edən yeddi ölkənin - Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Tacikistan və Qırğızıstanın nümayəndələri də qatılıb.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Ahmet Arslan, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi və "Rossotrudniçestvo" agentliyinin Bakıdakı nümayəndəliyinin rəhbəri, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin direktoru Valentin Denisov bayram münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb, sülh və firavanlıq arzulayıblar.
Sonra tədbir musiqili, əyləncəli-bədii bayram proqramı ilə davam edib. Proqramda Azərbaycanla yanaşı, iştirakçı ölkələrin incəsənət ustaları da çıxış edir.
Festival münasibətilə Qoşa qala qapısı meydanında "Meydan bazarı" təşkil olunub. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdiyi "Meydan bazarı"nda hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları, suvenirlər, kitablar, açıqcalar, broşurlar, milli mətbəx nümunələri sərgilənir.

Novruz bayramı şənlikləri, həmçinin bir-birindən maraqlı çoxsaylı tədbirlərlə qeyd edilir. Belə ki, səhər saatlarından başlayaraq pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərir, Bakı Uşaq Teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhval-ruhiyyəsi yaşadır.

Həmçinin sənətkarların əl işləri, Türkiyə təmsilçilərinin "Ebru" sənəti ustalarının hazırladıqları nümunələr ziyarətçilərin böyük marağına səbəb olub. Bununla yanaşı, festival çərçivəsində Əliağa Vahidin heykəli qarşısında konsert proqramları keçirilir.

Nəzərinizə çatdıraq ki, bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçirilir. "Qala" Qoruğunda təşkil edilən iki günlük Novruz tədbirləri ilə əlaqədar Qoşa qala qapıları qarşısından yola düşən nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərir.

Qeyd edək ki, II Beynəlxalq Novruz Festivalı martın 23-dək davam edəcək.