Rumıniyada Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

1 Yanvar 2005 00:00 (UTC+04:00)

Martın 19-da Azərbaycanın Rumıniyadakı səfirliyinin, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının təşəbbüsü, ARDNŞ-ın Rumıniya nümayəndəliyinin dəstəyi ilə Buxarestdə yerləşən "Marriott" hotelində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Tədbirə Rumıniyada fəaliyyət göstərən türkdilli ölkələrin səfirləri, Rumıniya parlamentinin deputatları, dövlət və hökumət nümayəndələri, aparıcı bankların prezidentləri, Rumıniyada işləyən, yaşayan təhsil alan azərbaycanlılar, diaspora təşkilatlarımızın üzvləri, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun, ARDNŞ-in Rumıniya nümayəndəliyinin və SOCAR Petroleum şirkətinin əməkdaşları və tərəfdaşları qatılıblar.

Tədbirdə Novruz bayramı barədə ətraflı məlumat verilib, Novruz bayramının hər il Rumıniyada yüksək səviyyədə qeyd olunduğunu bildirilib.

Sonra tədbir iştirakçıları Novruz bayramı barədə hazırlanan qısa metrajlı filmə baxıblar.

Novruz bayramı münasibəti ilə soydaşlarımızı təbrik edən ARDNŞ-ın Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov Azərbaycanın enerji layihələrindən, xüsusi ilə də martın 17-də Türkiyədə təməli qoyulan TANAP layihəsindən bəhs edib.

H.Kərimov SOCAR-ın yeni loqosu barədə də məlumat verib. Sonra loqo barədə hazırlanan film nümayiş etdirilib.

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev ölkəmizin son illərdə əldə etdiyi uğurlardan ətraflı söhbət açıb. İ.Hacıyev əldə olunan bütün nailiyyətlərin təməlində əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət strategiyasının dayandığını bildirib. İ.Hacıyev "Bakı-2015" birinci Avropa Oyunlarının ən yüksək səviyyədə keçiriləcəyini deyib və tədbir iştirakçılarını bu yarışları izləməyə dəvət edib.

Sonra "Bakı 2015" Avropa Oyunları barədə qısa film təqdim olundu.

Tədbirdə muğam ifaçıları Arzu Əliyeva və İlkin Əhmədovun rəhbərliyi altında ansamblın çıxışı olub. Azərbaycanın xalq mahnıları əsləndirilib.

Tədbir iştirakçılarına Novruz bayramı ilə bağlı hədiyyələr, "Bakı-2015" Avropa Oyunları barədə hazırlanmış broşurlar, kitabçalar təqdim olunub.