"Olar?" ŞEİR

19 Mart 2015 14:23 (UTC+04:00)

İlin on iki ayında,

Bu qədər hallanmaq olar?

Gündən həftəyə atılıb,

Aylara aldanmaq olar?

Öz içində bayquş olub,

Viranədən sərxoş olub,

Hər an köçəri quş olub,

Qürbətə yollanmaq olar?

Gecələr ayın altında,

Səssiz harayın altında,

Qəmli sarayın altında,

Bu qədər danlanmaq olar?

İçində matəm havası,

Dağılmış ömrün yuvası,

Ürəkdə itkin duası

Ölərək canlanmaq olar?

Xanım İsmayılqızı