“Gran Pri” mükafatına layiq görülən 20 yaşlı pianoçumuz danışdı FOTOLAR

16 Mart 2015 13:31 (UTC+04:00)

İspaniyada "Open Spain" adlı beynəlxalq piano müsabiqəsi keçirilib. Həmin müsabiqədə azərbaycanlı piano ifaçısı, 20 yaşlı Lalə Məhərrəmova "Gran Pri" mükafatına layiq görülüb. O, müsabiqədə Ferentz Listin "Baxın mövzusuna Variasiyalar", Arif Məlikovun "Prelyudiyalar" kimi əsərlərini ifa edib. Səfər barədə təəssüratlarını SİA ilə bölüşən gənc musiqiçi qalib gəldiyi üçün müəlliminə minnətdarlığını bildirib: "Bundan öncə də bir neçə beynəlxalq müsabiqədə çıxış etmişəm. Birinci və ikinci yerlərə layiq görülmüşəm. Ancaq bu müsabiqənin yeri tamam başqa idi. Bu qalibiyyətim üçün mənə dəstək olan, əlindən gələn köməyi əsirgəməyən Bakı Musiqi Akademiyasının prorektoru, müəllimim Oqtay Abbasquluyevə minnətdarlığımı bildirirəm".

Nəzərinizə çatdıraq ki, müsabiqədə Azərbaycandan başqa Rusiyanın bir çox şəhərlərindən, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Fransa, İspaniya, Ermənistan, Polşa, Litva və başqa ölkələrdən musiqiçilər iştirak edib.

Qeyd edək ki, L.Məhərrəmova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Fortepiano" fakültəsinin 3-cü kurs tələbəsidir.