"Ana" ŞEİR

14 Mart 2015 12:42 (UTC+04:00)

Ana, bir xəbərim var,

Bu xəbər ağır gəlir.

Balam yolunu azıb,

Yanına fağır gəlir.

Orda yadından çıxıb

Bəlkə boyu-buxunu.

Görənlər elə mənə

Bənzədərdilər onu.

Bir xahişim var səndən,

Öpərsən gözlərindən.

Deyərsən ki, taqətim

Gedibdi dizlərimdən.

Bir yerdə duran deyil,

Ağrım gəzir canımda.

Ruhu sənin yanında,

Canı mənim yanımda.

İçimdən keçib, yerə

Sancan bu şüa - yuxu...

Ana, dur salavat çək,

Balana dua oxu...

Xanım İsmayılqızı