"Köçür" ŞEİR

6 Mart 2015 15:10 (UTC+04:00)

Şair - sözünə köçür,

Tənha izinə köçür.

Düyünləyib boğçasın,

Qəfil özünə köçür.

Hissini çözə bilir,

Sözünü düzə bilir.

Duyğuların selində

Batsa da, üzə bilir.

Kimliyi yada gəlməz,

Tüstüsü oda gəlməz.

Əritdiyi sözlərin

Acısı dada gəlməz.

Hətta adam içində,

Duyğu - onu seçimdə.

Sözünə tay olacaq

Tapılmır boy-biçimdə.

Sözünün körpüsü var,

Hisslərin hörgüsü var.

Özünü görmək üçün

Gözünün güzgüsü var.

Gözlərindən keç - yaşat.

Bu şairi seç - yaşat.

Gözü önündə olma.

Ürəyinə köç - yaşat.

Xanım İsmayılqızı