Hərbi ekspert: “Silah ixrac etmək dövlətin nüfuzunun göstəricisidir”

5 Mart 2015 16:43 (UTC+04:00)

"Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silahlar müasir texnologiyaya uyğun, sınaqdan keçmiş silahlardır. Çünki bu silahlardan Azərbaycan ordusunda da istifadə edilir". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi eskpert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə beynəlxalq silah sərgilərində çox yüksək yerləri tutur: "Bu gün Azərbaycan istehsalı olan silahlara bir çox ölkələr, o cümlədən ərəb ölkələri maraq göstərirlər. Onlar keçirilən beynəlxalq silah sərgilərində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin, silahlı qüvvələrimizin nümayəndələri ilə görüşürlər. Hətta tərəflər arasında qarşılıqlı səfərlər də olur. Hesab edirəm ki, gələcəkdə Azərbaycanın silah istehsalı potensial daha da genişlənəcək və silah idxal edən ölkədən, silah ixrac edən ölkəyə çevriləcək. Yəni buna Azərbaycanın iqtisadi potensialı var. Eyni zamanda bu sahədə çox güclü mütəxəssislərimiz var. Silah ixrac etmək həmin dövlətin nüfuzunun, gücünün göstəricisidir".