"Hələ bir neçə müddət öncə Ümumdünya Ticarət Təşkilatının nümayəndələri Azərbaycana səfər edərkən, biz onlara Baytarlıq haqqında və Fitosanitar haqqında qanunları ingilis dilinə tərcümə edərək təqdim etmişik". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin aqrar siyasət komitəsinin üzvü Eldar İbrahimov deyib.
Onun sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatının nümayəndələri Azərbaycanın kənd təsərrüfatı ilə bağlı qəbul etdiyi qanunları oxuduqdan sonra üzvlükdə heç bir problem olmadığını deyiblər. Lakin hazırda təşkilata qoşulmaqda tələsməməliyik: "Onlar oxuduqdan sonra bu qanunları çox bəyəniblər. Onlar bildirmişdilər ki, siz qanunvericilik baxımından Ümumdünya Ticarət Təşkilatına girə bilərik. Yəni qanunvericilik baxımından bu təşkilata daxil ola bilərik. O ki qaldı digər məsələlərə, mən bununla bağlı dəqiq fikir bildirə bilmərəm. Cənab Prezident də çıxışı zamanı bildirmişdi ki, biz bu məsələdə hələ ki tələsmirik".
Millət vəkili qeyd etdi ki, Azərbaycanın ÜTT-yə qoşulmaqda qanunvericiliklə bağlı problemi yoxdur. Müəyyən işlər görməyə ehtiyac var: "Ümumdünya Ticarət Təşkilatına qoşulmaqda hər hansı bir problem yoxdur. Sadəcə qanunvericilk haqqında deyə bilərəm, bununla bağlı görüşümüz olubdur. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar da hər hansı bir problem ola bilməz. Hesab edirəm ki, bizim Ümumdünya Ticarət Təşkilatına üzvlüyümüzə hələ müəyyən məsələlərdə hazırlıqlar lazımdır. Yəni bəzi layihələri həyata keçirək, hələ ki daxil olmamız tezdir".