Azərbaycanda ərəb məhcər ədəbiyyatının, xüsusən də bu ədəbiyyatın görkəmli nümayəndəsi Mixail Nuaymənin ədəbi irsinə maraq getdikcə artmaqdadır. SİA-nın məlumatına görə, Ərəb məhcər ədəbiyyatının Azərbaycanda ilk tədqiqatçısı olan görkəmli ərəbşünas alim, professor Aida İmanquliyevanın başladığı iş bu gün də mütəxəssislər tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidovun fəaliyyəti bu çalışmalar arasında diqqət çəkir. Mahir Həmidovun tərcüməsində "Elm və təhsil" nəşriyyatında çapdan çıxmış "Kipriklərin pıçıltısı" adlı şeirlər kitabı Mixail Nuaymə ədəbi irsinin Azərbaycanda təbliği sahəsində uğurlu addım kimi dəyərləndirilir. Kitabın redaktoru millət vəkili, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Gövhər Baxşəliyevadır.
236 səhifəlik kitabın tərcüməsi ilə yanaşı orijinalının da verilməsi mütəxəssislər tərəfindən təqdirlə qarşılanıb. Kitabda Mixail Nuaymənin qardaşı nəvəsi Nəcib Nuaymənin tərcümə ilə bağlı Mahir Həmidova ünvanladığı məktub da yer almaqdadır. Azərbaycan Yazıçılar Birliyində "Kipriklərin pıçıltısı" kitabının geniş təqdimat mərasimi keçirildi. Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Mixail Nuaymənin "Kipriklərin pıçıltısı" adlı kitabının Azərbaycan dilinə tərcüməsini yüksək qiymətləndirib. "Poeziyanı tərcümə etmək, şairin dünya görüşünü, fəlsəfi düşüncələrini, ruhunu Azərbaycan dilində düzgün ifadə etmək tərcüməçidən yüksək peşəkarlıq tələb edir. Bu mənada M. Həmidov böyük nailiyyət qazanıb", – deyən İ.Fəhmi M.Həmidovun ərəb ədəbiyyatının Azərbaycanda təbliği istiqamətində böyük işlər görəcəyinə inandığı qeyd edib. Azərbaycan Respublikasının Suriyadakı fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev tədbirdə çıxış edərək M.Həmidovun illər öncə Mixail Nuaymə irsini Livanda, Nuaymənin doğma kəndi Biskintada necə tədqiq etdiyinin şahidi olduğunu bildirib. Belə ki, M.Həmidovun Mixail Nuaymənin Biskintadakı evini, mütəfəkkir şairin Sinnin dağının ətəklərindəki məzarını ziyarət etdiyini, şairin ailə üzvlərindən, xüsusilə də onun qardaşı nəvəsi Nəcibdən şair haqqında çox şeylər öyrəndiyini qeyd edib. Tədbirdə çıxış edənlər – elmlər doktorları Vilayət Cəfərov, İmamverdi Həmidov, fəlsəfə doktorları Laura Orucova, Məmmədəli Babaşlı və başqaları M.Nuaymənin əsərlərinin ölkəmizdə kitab halında ilk dəfə çap olunmasını ədəbi nailiyyət kimi dəyərləndirdilər, bu istiqamətdə Mahir Həmidova uğurlar arzulayıblar.