Hər bir İnsan, kədərinin
Həsrətinə qovuşaydı.
Sevib-seçərək birini,
Qismətinə qovuşaydı.
Yaxşını, pisi görərək,
Yollarını düz sərərək,
Ağac kimi bar verərək,
Hörmətinə qovuşaydı.
Alnına ləkə almadan,
Bir an vicdansız qalmadan,
Şeytana təslim olmadan,
Qeyrətinə qovuşaydı.
Daşın üstünə daş qoyub,
Yaşın üstünə yaş qoyub,
Öz yastığına baş qoyub,
Cənnətinə qovuşaydı.
Haqsızlığa son verərək,
Əməlinə can verərək,
Torpağına qan verərək,
Sərvətinə qovuşaydı.
Ruhunu göylərə qatıb,
Nəfəsi içindən atıb,
Allahın əlindən tutub,
Rəhmətinə qovuşaydı.
Xanım İsmayılqızı