“LTE” abunəçilərinin sayı “3G” istifadəçilərini ötüb

2 Mart 2015 10:03 (UTC+04:00)

2014-cü ilin dördüncü rübündə qlobal "LTE" abunəçilərinin xalis artımı ilk dəfə yeni "3G" şəbəkəsi istifadəçilərinin sayını ötüb. SİA-nın məlumatına görə, bu barədə "Ericsson" şirkətinin hesabatında deyilir. İsveç istehsalçısının hesabatına əsasən, "LTE" abunəçilərinin sayı 31 dekabr 2014-cü ilədək 110 milyon artaraq 500 milyona çatıb. Bu, 65 milyon artan "WCDMA/HSPA" abunəçilərinin analoji göstəricisini üstələyir. Bununla yanaşı, "2G-only" abunəçilərinin sayı 65 milyon azalıb. "Ericsson"un proqnozuna görə, 2020-ci ilin sonunadək dünyada "LTE" abunəçilərinin sayı 3,1 milyardadək, "HSPA" bağlantılarının sayı 2,3 milyardadək artacaq. Gözlənilir ki, 2015-2020-ci illərdə "LTE" abunəçilərinin 60 faizi Asiya-Sakit okean regionundan qoşulacaq, qalan 40 faiz dünyanın digər ölkələri arasında bərabər bölünəcək.

Qeyd olunur ki, Asiya-Sakit okean regionu 2020-ci ilədək smartfon məlumat trafikinin 50 faizini generasiya edəcək. Həmçinin bir abunəçi üçün mobil məlumatlardan aylıq istifadə 3,2 giqabayt təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, ABŞ-da bu göstərici 6, Qərbi Avropada 6,5 giqabayta bərabər olacaq.