Ekspertlər hesab edirlər ki, Boris Nemtsova tərəf açılan atəşlər arxadan olub. Eyni zamanda, ona tərəf atılan güllələrin dördü hədəfə tuş gəlib, ikisi isə boşa çıxıb. Məhz güllələrdən biri onun ürəyinə dəyib ki, həmin güllə Nemtsovun həyatına son qoyub. SİA xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" nəşri yazıb.
Ballistik ekspertiza da onu göstərir ki, rusiyalı müxalifət liderinə qarşı törədilmiş qətl hadisəsini qeyri-peşəkarlar həyata keçirib. Atəş açılan yerdə qalan güllə gilizləri istintaqda bir neçə sual yaradıb: cinayətkar 9 millimetr kalibrli patronlardan istifadə edib və həmin patronlar müxtəlif zavodlar tərəfindən müxtəlif zamanlarda istehsal olunub. Dörd patron markalarına görə, 1986-cı ildə Çelyabinsk vilayətində fəaliyyət göstərən Yuryuzansk müxaniki zavod tərəfindən buraxılıb. Daha ikisi isə 1992-ci ildə Tulanın patron zavodunda istehsal edilib. Ekspertlər hesab edirlər ki, cinayətkar güllə tapmaqda çətinlik çəkib. Hansı ki, peşəkar killerlərə həmin güllələr yeşiklərlə verilir.
Digər tərəfdən, qatilin ya "Makarov" tapançasından, ya da "İj" markalı qaz tapançasından istifadə etdiyi ehtimal olunur. Hesab olunur ki, killer qətli törətdikdən dərhal sonra silahı çaya atıb. Məhz bu kimi məsələləri araşdıran ekspertlər qənaətə gəliblər ki, cinayət qeyri-peşəkar qatillər tərəfindən törədilib və hətta onlar öz qurbanlarının adını belə bilməyiblər.
Rövşən Nurəddinoğlu