"Qız uşaqlarının cəmiyyətdə statusu yüksələcək" MÜNASIBƏT-FOTOLAR

1 Mart 2015 14:01 (UTC+04:00)

Azərbaycanda ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacağı və onların hesabına 10 min manat vəsaitin köçürüləcəyi ilə bağlı yayılan xəbərlərə millət vəkili Musa Quliyev açıqlama verib. Bildirib ki, sözügedən məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifidir ki, bunu hökumətdə ciddi şəkildə müzakirə edilsin: "Düşünürəm ki, hər bir kəsin addımının, stimullaşmasının mahiyyəti olmalıdır. Bir neçə il bundan öncə Azərbaycanda demoqrafik proseslərdə oğlanların xeyrinə süni surətdə dəyişdirildi. Yəni ultrasəs müayinələr edilir, abortlar həyata keçirilirdi. Bu da süni şəkildə oğlan və qızların nisbəti 100-ün 116 həddinə gəlib çatmışdı. Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normativlərə görə, 100 qıza, 105 oğlanın doğulması tamamilə normal haldır və onlara müdaxilə edilməsinə ehtiyac yoxdur. Ancaq bu, rəqəmlərdən yuxarı keçirsə artıq burada insan müdaxiləsindən söhbət gedir. Bir müddət əvvəl Milli Məclisdə də bununla bağlı təkliflər qaldırıldı ki, ultrasəs müayinəsi qadağan edilsin, süni abortların həyata keçirilməməsi üçün qaydalar daha da sərtləşdirilsin. Bu təklif çox doğru və gözəldir. Dünyaya gələn ikinci və sonrakı qız uşaqlarının dövlət tərəfindən 10 min manatlıq vəsait ayrılıb, depozitlər qoyulsun. Bu gün buna ehtiyacın olduğunu bilmirəm. Hesab edirəm ki, artıq demoqrafik proseslər tənzimlənməyə doğru gedir. Belə ki, son iki ildə doğulan qız və oğlan uşaqlarının nisbəti Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normativə yaxındır. Düşünürəm ki, buna hökumət qərar verəcək. Amma bu Dövlət Proqramı üçün təklif olunub. Hər halda bunun qəbul edilməsi ölkədə birinci növbədə abortun qarşısını alacaq və qız uşaqlarının cəmiyyətdə statusunu daha da yüksəldəcək. Bu mənada mən sözügedən təklifi dəstəkləyirəm".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov ailələrdə ikinci və növbəti qız uşaqlarının adına hesab açılmasının doğru olduğunu dilə gətirib: "2-ci qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi ötən ilin dekabrın 22-də "Azərbaycan Respublikası əhali sakinliyi və demoqrafik inkişaf" üzrə dövlət proqramı layihəsinin müzakirəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müzakirələrdə qeyd edilmişdi. Həmin görüşdə nazirliyin bütün rəhbər əməkdaşları o cümlədən müvafiq şöbə müdirləri iştirak edirdilər. Sözügedən layihənin müzakirəsinə eyni zamanda bir sıra mətbuat orqanları da qatılmışdılar. Həmin görüşdə rəsmi olaraq nazirlik tərəfindən bu məsələ bildirildi və hətta deyildi ki, əgər ideya təsdiq olunarsa o zaman maliyyə çətinliyi olmayacaq çünki vəsait hissə-hissə hesaba köçürüləcək. Niyə oğlan deyil qız uşaqlarına depozitlərin verilməsi isə başa düşüləndir. Çünki Azərbaycanda hər 100 doğulan qız uşağına 116 oğlan uşağı düşür. İkinci qız uşaqlarının əksəriyyəti nə qədər acınacaqlı olsa da ana bətnindəcə öldürülür. Məqsəddə bu hallar qarşısını almaq və demoqrafik inkişafı stimullaşdırmaqdan ibarətdir. Bu təklifin sözügedən Proqrama daxil edilməsinin tərəfdarıyam".