Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi" klubu bu dəfə Azərbaycan Milli İncəsənət Muzeyində toplaşıb. SİA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan aldığı məlumata görə, Bilik Fondunun əməkdaşları və müxtəlif universitetlərdə təhsil alan könüllülərindən ibarət bir qrup Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği məqsədilə İncəsənət Muzeyinə ekskursiya edib.
Klubun üzvləri muzeydə Azərbaycan və Avropa mədəniyyətinin nümunələri – qədim geyim, zinət və məişət əşyaları, xalçalar, rəsm əsərləri, digər qiymətli eksponatlarla tanış olublar. Bələdçinin verdiyi tarixi məlumatlar "Fikir şənbəsi"ni daha da maraqlı edib.
Fransız şairi və siyasətçi Alphonse de Lamartine muzeyləri "sənət qəbiristanlığı" adlandırırdı. Klub üzvləri "Muzey - "sənət qəbiristanlığı", yoxsa "sənət yaddaşı"?" mövzusunda fikir mübadiləsi aparıblar. Sonda Bilik Fondunun fəal könüllülərinə təşəkkürnamələr təqdim olunub.