Rumıniyada Xocalı aksiyası FOTOLAR

28 Fevral 2015 14:35 (UTC+04:00)

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Rumıniyanın paytaxtı Buxarestdə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar aksiya keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində keçirilmiş aksiyada soyqırımı ilə bağlı həqiqətlər rumın ictimaiyyətinə çatdırılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, üzərində "Justice for Khojaly" ("Xocalıya ədalət!") yazılmış geyimlərdə olan azərbaycanlı tələbələr və rumın gənclər, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri Buxarestin mərkəzi küçələrində yürüş ediblər. Əllərində "Xocalıya ədalət!" plakatları tutan aksiya iştirakçıları şəhər sakinlərinin diqqətini Ermənistan sialhlı qüvvələri tərəfindən Xocalının dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş vəhşiliklərə cəlb edib, qətliam haqqında rumın dilində nəşr olunan broşürlər və kitablar paylayıblar.

Bundan başqa, Buxarestin mərkəzi Unirii prospektində "Xocalıya ədalət!" kampaniyasının qərargahında insanlara onlayn rejimdə petisiyaya qoşulmaq imkanı yaradılıb.

Qeyd edək ki, 2001-ci ildə fəaliyyətə başlayan Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası qeyri-hökumət təşkilatı kimi Rumıniyada qeydiyyatdan keçib və Azərbaycanın təbliğatı ilə yaxından məşğul olur.