ATİB sədri: “İnkişaf gözlərim önündə olub” AÇIQLAMA

28 Fevral 2015 14:02 (UTC+04:00)

"Bu gün Azərbaycan,Türkiyə iş adamları üçün çox əlamətdar bir gündür. Bizimlə bu əlamətdar günün sevincini bölüşməyə Rusiyadan iş adamları dostlarımız, Türkiyədən, Azərbaycan Parlamentindən, Prezident Administrasiyasından gələn dostlarımız bizə mənəvi dəstək verirlər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan - Türkiyə İşadamları Birliyinin sədri Camal Yanğın deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər gün inkişaf baş verir, Bakı günbəgün dəyişilir. Manatın devalvasiyası isə bazarın tarazlayıcı xassəsi rolunu oynayır: "Bu günkü tədbir 3 ildən bir keçirilən seçki yığıncağıdır. ATİB rəhbəri olaraq ölkələrimizin iqtisadi, mədəni , mənəvi əlaqələrin inkişafına dəstək veririk. 22 ildir Bakıda yaşayan, Azərbaycanı sevən bir Türk vətəndaşı olaraq bütün inkişaf gözlərim önündə olub. Günbəgün mən bu dəyişikliyin şahidi olmuşam və buna görə də hər zaman Ümummilli liderimizə rəhmət oxuyuram. Onun bizə göstərdiyi dayaq və dəstəklə bu gün Azərbaycanın siyasi və mənəvi davamçısı olan Prezident İlham Əliyev vasitəsilə də inkişaf edir. İqtisadi inkişafda devalyasiyadan söz edilsə də, bütün jurnalist dostlarıma bunun açıqlamasını verirəm ki, bu azad bazarın bir alətidir. Bu olmalı idi. Çünkü bazarın tarazlayıcı faktorlarındandır. Ona görə də Azərbaycanın 25 illik azadlıq həyatında və 20 illik sürətli inkişaf mərhələsində belə halla qarşılaşmamışdı. Ancaq bu bir daha olmayacaq deyə bilmərik. Bu olmalıydı, buna hazır olmalıyıq və öyrəşməliyik. Devalvasiya kimlərəsə ziyan vurmaq üçün deyil, ölkənin milli inkişafina və iqtisadiyyatına bir dəstəkdir".

ATİB sədri həmçinin dolların bahalaşması ilə idxal olunan malların qiymətində yarana fərqə də toxundu. Qeyd etdi ki, idxal ölkəyə yeni təcrübələr əldə etməyə imkan verir: "Əslində idxal malları bazarı biraz bahalaşdırır. Çünkü mallar dollarla alınır və bu mallarda biraz bahalaşma olacaq, amma bahalaşma bizim istəyimiz ilə olmur. Bazarda nəticə etibarilə istehlakçılar malları alacaqlar və bu da bazarı tənzimləyəcək. Yoxsa qiyməti 10 manatdan 15 manata deyiriksə və istehlakçılar bunu almırlarsa deməli bu bazar uyğunsuzluq yaradır. Ona görə də ölkəmizin sənaye və kənd təsərrüfatı bazarında etdiyi böyük inkişaflar hələ bizim idxalımızın bir hissəsini ancaq saxlaya bilir. Bundan əlavə biz idxal etməliyik. İdxal etmək təhlükəli addım deyil, bizə istehsalı öyrədir, xarici ölkələrin keçdiyi ticarəti öyrədir, onların ticarət mədəniyyətini aşılayır və sizə öz ölkənizdə necə hərəkət etmək lazım olduğunun töhfəsini verir".