Vilfrid Furman: "Xocalı faciəsi hələ də ədalətli qiymətini almayıb"

27 Fevral 2015 20:24 (UTC+04:00)

Almaniyanın paytaxtı Berlində "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyinin sədri, yazıçı publisist Səriyyə Müslümqızının alman dilində çap edilmiş "Dünya susmasın gərək" kitabının təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə alman ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri, tələbə və doktorantlar iştirak ediblər.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkil etdiyi mərasimdə təşkilatın rəhbəri Samira Patzer-İsmailova Azərbaycan xalqının dərdinə şərik çıxaraq tədbirdə iştirak edən almanlara təşəkkür edib və Xocalı soyqırımı haqqında geniş məlumat verib.

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev Xocalı soyqırımının tarixi və siyasi aspektləri, həmçinin Cənubi Qafqazın hazırkı geosiyasi vəziyyəti barədə danışıb.

Alman alimi, Alman–Azərbaycan Forumunun idarə heyətinin üzvü professor Vilfrid Furman isə Xocalı soyqırımının Avropada tanıdılması barədə danışıb və bu faciənin hələ də ədalətli qiymət almadığını vurğulayıb.

Sonra Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdani, Səriyyə Cəfərova, "Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, tələbə, Berlin Azad Universitetinin doktorantı Tural Qasımov çıxış edərək Xocalı soyqırımının geniş təbliği ilə bağlı müzakirələr aparıblar./azertag.az/