"Torpaq həsrəti" HEKAYƏ

27 Fevral 2015 16:40 (UTC+04:00)

Qoca can üstəydi. Neçə vaxt idi ki, gecə-gündüz Əzrayılla əlləşir, ona can vermək istəmirdi. Övladlarından xahiş etmişdi ki, amanın günüdür, məni tək qoymayın, birdən, olan işdir, ölərəm, ağzım, gözüm açıq qalar, sonra da siz əzab çəkərsiniz. Ona görə də oğlu, qızı və ya nəvələrindən biri başı üstündə növbə çəkirdi… Artıq qocanın qırışlarla əhatələnmiş gözləri çuxura düşmüş, insanın daxilinə nüfuz edən baxışları öləziyən şam kimi işıldayırdı.

Manaf kişi ölürdü. Özü də yavaş-yavaş, əriyə-əriyə ölürdü. Bunu onun ailə üzvləri də, ona dəyməyə gələn qonum-qonşu da çox yaxşı görürdü. Ancaq kişi ölmək istəmirdi. Çünki ürəyində arzusu vardı. Özü də son arzusu… Həkimlər də ümidverici bir söz demirdilər. Hətta şəhərdəki klinikalardan birindən professor da gətirmişdilər. Qocanı diqqətlə müayinə etdikdən sonra oğluna demişdi ki, kişi yazıqdır, son anlarında iynə-dərmanla ona əzab verməyin… Bunu Manaf kişi özü də bilirdi.

Bir gün günorta zamanı kişiyə yüngül bir yemək vermək istədilər. Ancaq həmişəki kimi qətiyyətlə rədd elədi. Sonra isə xahiş etdi ki, məni qaldırın. Oğlu Nihad əlini ehmalca atasının kürəyinə salıb onu qaldırdı və yatağında oturtdu. Kişinin bu hərəkətinə hamı təəccübləndi. Çünki kişi 4-5 aydan çox idi ki, arxası üstə yatırdı. Yazıq kişinin beli yatmaqdan yara tökmüşdü. Həftədə 2 dəfə onu o tərəf, bu tərəfə çevirir, bədənini yaş dəsmalla silirdilər. Bu anlarda ən ağır iş onun yaralarına məlhəm qoymaq, dərmanlamaq idi.

Manaf kişi gözlərini dolandırıb otaqdakıları bir-bir süzdü. Özü də diqqətlə süzdü. Bəlkə də son qüvvəsini toplayaraq, əllərini yorğanın altından çıxarıb, yuxarı qaldırmaq istədi. Sağ əli qalxsa da, sol əli qalxmadı. Başını çevirib lap yanında dayanmış oğluna baxdı və gözləri ilə sol qoluna işarə etdi, yəni "qaldır". Nihad tez əlini uzadıb, yalnız dəri və sümüyü qalmış əli ehmal-ehmal yorğanın altından çıxartdı. Manaf kişi başını qaldırıb gözlərini tavana zillədi və qəhər dolu bir səslə dilləndi:

— Allahım, mən Vətən müharibəsi görmüşəm, dəfələrlə yaralanmışam, ancaq ölməmişəm. Qarabağ davasını da görmüşəm. Mənə düşmən gülləsi dəyməyib, ancaq ürəyimə oğul yarası, qohum-qardaş, vətən yarası dəyib, Xocalı yarası dəyib. Yenə ölməmişəm. Bu gün can üstəyəm. İlahi, səndən çoxlarının xahişini etmişəm, yalvarmışam, ancaq bu gün özümə görə dərgahına əl qaldırıram. Məni belə öldürmə, əzabsız, işgəncəsiz öldür. Ancaq 2-3 ay möhlət ver. Qoy Xocalıdakı almalarımın çiçəyini, meyvəsini görüm, sonra… öldür! Ancaq əzabsız öldür…

Manaf kişinin səsi titrədi və kəsildi. Oğlu və nəvəsi istədilər ki, onu yatağa uzatsınlar. Kişi əlini qaldırıb etiraz etdi. Otaqdakı qadınlardan biri hıçqırtı ilə ağladı. Manaf kişi başını ağlayana tərəf çevirib yenidən danışmağa başladı:

— Mənim üçün ağlamayasınız, bala. Atam 38 yaşında, əmim 40 yaşında, dayım 18 yaşında, oğlum 25 yaşında, ürəyi oğul yaralı, bədbəxt ananız 45 yaşında dünyalarını dəyişiblər. Amma mənim 78 yaşım var. Ağlamayın mənə, bala!

Manaf kişi susdu və kömür kimi qaralmış əlini oğlunun əlinin üstünə qoydu. Atasının əlinin soyuqluğu Nihadın bütün varlığını üşütdü. Kişi yenidən, ancaq çox çətinliklə dilləndi:

— Ay oğul, bəs mənə alma gətirəcəkdilər? Noldu sənin alman?

Nihad tez dizi üstə çöküb, atasının qupquru qurumuş sümüklü əlini xəcalət çəkə-çəkə öpdü və için-için ağladı. Hamı həyəcan və qorxu içində idi. Otaqdakılar dəhşət dolu bir baxışla gözlərini qocaya zilləmişdilər. O isə danışırdı:

— Nihad, bala, mən uşaq deyiləm. Bilirəm ki, sonum çatıb. Səndən son atalıq xahişimi edirəm.

Qoca yenidən susdu, Nihad titrək bir səslə:

— Eşidirəm, ata, de görüm, - deyə yaşlı gözlərini qocaya dikdi. Manaf kişi dedi:

— Oğul, mənə baxın… və doyun! Mən gedirəm. Bir də məni harada dəfn etsəniz də, Xocalı alınan kimi mənim və ananızın sümüklərini çıxarıb oraya apararsınız. Sümüklərimizi oğlumun qəbrinə qoyarsınız…

Otaqdakıların hamısı səssizcə ağlaşdılar. Birdən 5-6 yaşlı bir oğlan uşağı qorxa-qorxa kişiyə yaxınlaşıb, ağappaq, toppuş əlləri ilə qocanın boynunu qucaqladı və hıçqıra-hıçqıra dedi:

— Babam, ay babam, elə eləmə də, axı sən belə danışanda, mən dalıxılam!... Noolal!

Manaf kişi gözlərini geniş-geniş açıb nəvəsi İsmayılı görəndə zorla gülümsədi və qolunu qaldırıb onu sinəsinə sıxdı. Nəhayət dilləndi:

— Mənim İsmayılım, tezliklə böyüyərsən. O alçaqlardan qisas alarsan. Evimizi təzədən qurarsan. Böyük, lap böyük alma bağı salarsan. Sənə baba qurban, ağlama, kişi ağlamaz. Tez böyü, qorxaq və murdar ermənilərdən qisasımızı al, onları ağlat!

Elə həmin axşam kişinin halı pisləşmiş, yanına həkim gətirmişdilər. O gündən də kişinin dili tutulmuşdu.

* * *

Manaf kişi 5-6 ay əvvəl – xəstəliyi təzə-təzə başlayarkən oğluna demişdi ki, oğul, məni həkimlərin dava-dərmanı sağalda bilməz. Məni sağaltsa, sağaltsa, Xocalıda – həyətimizdəki almanın ətri sağaldar… Sonra da əlavə etmişdi ki, mən belə görürəm, bu da namümkün işdir… Bu söhbətdən sonra Nihad Bakı və ətraf rayonlardakı bazarları bir-bir axtarmış, dəfələrlə atasının dediyi bir yanı sapsarı, bir yanı al rəngli uzunsov almalardan alıb gətirmişdi. Ancaq atası almaları iyləmiş, kəsib bir dilimini yemiş, sonra isə qəmli-qəmli başını bulamışdı. Yəni ki, yox, bu Xocalı alması deyil.sonuncu dəfə Nihad şəhərin "Kolxoz bazarı"nda bir alverçi ilə dostlaşmış, hər şeyi ona danışmışdı. Bunu da and içib demişdi ki, almanı gətirsən, onu səndən qızıl qiymətinə alacağam. Hətta ilk dəfə bu alverçi, yəni Həsən almanın adını da demişdi. Qarabağda bu almaya "Şürük" alma deyirlər… Həsən Nihada bu işin mümkünsüz olduğunu bildirsə də, sonradan əlavə etmişdi ki, mən mer-meyvəni Gürcüstandan alıb gətirirəm. Orada ermənilərlə alver edən gürcü tanışlarım da var. Bu ancaq o tanışlarımın vasitəsilə baş tuta bilər… Nihad ona iki telefon nömrəsi verib, ondan ayrılmışdı…

* * *

Manaf kişinin dilinin tutulmasından düz bir həftə keçmişdi. Gecə səhərə qədər göz qırpmadan atasının yanında oturan Nihad gözəl bir yaz səhərinin açıldığını görüb, ayağa qalxdı və pəncərəyə yaxınlaşdı. Pəncərəni taybatay açdı. Otağa bir anda səhər mehi doldu. O, atasının 18 ildə saldığı bağ-bağçaya diqqət kəsildi. … Atasının incik səslə dediyi bir cümlə onu burulğan kimi boğmağa başladı… "Ay oğul, noldu sənin alman?!" Nihad bilirdi ki, kişini yaşadan yalnız o alma ətridir!

Bütün bunlara görə o, atasını qətiyyən qınamadı. Çünki atasından eşitdiyi bir cümlə onun beyninə hərfbəhərf həkk olunmuşdu. "Oğul, Vətən torpağının hər bir neməti ana südü kimi müqəddəsdir"…

Elə bu zaman Nihadın telefonu zəng çaldı. O, telefonu cəld açdı. Tanımadığı bir nömrə idi. Nihad danışmağa başladı:

— Salam! Sabahınız xeyir! Bəli, Nihaddır.

Nihad tez eyvana keçdi və sevinc dolu bir səslə dilləndi:

— Ay qardaş, bəs indiyəcən hardasan? Gətirmisən? Oldu, oldu, haqqını artıqlaması ilə verəcəyəm. Necə yəni lazım deyil! Elə şey yoxdur. Uzağı bir saata yanınıdayam…

Bacısı və bacısı oğlu Elşən Nihadın həyəcanını görüb ona yaxınlaşdılar.

— Nə olub, Nihad?! – deyə soruşdular.

Nihad onlara nəsə pıçıldadı və tələsə-tələsə geyinməyə başladı. Bacısı sevinc və istək dolu səslə:

— Nihad, axı nahar yeməmisən, - deyib əvvəlcədən hazırlanmış süfrəni göstərdi. Nihad dedi:

— Eybi yoxdur! Gəlib yeyərəm. Elşən, keç içəri, həkimə demişəm, indi gələsidir.

Nihad bunu deyib, sürətlə həyətə düşdü.

* * *

Nihadın gedib-qayıtması 3 saat çəkdi. Onun əlində kiçik bir bağlama da var idi. Evdəkilər onu sevinclə qarşıladılar. Nihad mətbəxə keçə-keçə soruşdu:

— Kişi necədir?

Elşən dilləndi:

— Gördüyün kimi, 5-6 dəfə dodaqlarını islatmışıq. Həkim gəldi, iynə vurub dedi ki, təzyiqi normaldır. Dayı, soruşdum ki, bəs dili niyə tutulub? Dedi ki, o düzələr, narahat olmayın.

Nihad bağlamanı açan kimi otağı bihuşedici bir alma ətri bürüdü. Səhər günəşinin işığında parıldayan almaların xoş rahiyyəsi xəyalən də olsa, otaqdakıları bir anlıq doğma torpağa – Xocalıya apardı…

Almaları tələsə-tələsə yudular, sildilər və meyvə qablarına düzdülər. Nihad İsmayılı çağırıb dedi:

— Gəl, almaları babaya sən apar, oğul.

Onlar asta-asta otağa daxil oldular. Manaf kişi yatmışdı. Sinəsi astaca qalxıb enirdi. Nihad atasının yatağı qarşısında dizə çöküb yavaşca onu səslədi. Kişi cavab verməsə də, elə bil kiprikləri titrədi. Nihad bir ədəd iri alma götürüb İsmayıla verdi və dedi:

— Oğul, almanı babanın üzünə yaxınlaşdır.

Uşaq atasının işarəsiylə almanı babanın üz-gözünə, ağzına sürtməyə başladı. Nihad isə almaqabını qaldırıb kişinin çənəsi bərabərində saxladı. Manaf kişi qəflətən gözlərini açdı və nurdan getmiş gözlərini ətrafa dolandırdı. Birdən ağzından çıxan bircə kəlmə söz hamını heyrətə gətirdi.

— Oxxayy!

Bu soz bəzilərini diksindirdi də… Kişi gözlərini daha geniş açdı. Almaların parıltısındanmı, ya nədənsə qocanın üzü nurla dolu bir təbəssümə qərq oldu. Kişinin gözləri az qala hədəqəsindən çıxacaqdı. O, qalxmaq istədi. Nihadla Elşən Manaf kişini qaldırıb arxasına qoşa balınc qoydular. O, almanı İsmayıldan aldı. Üzünə, gözünə, dodaqlarına sürtdü və nisbətən gümrah bir səslə dilləndi:

— Ay oğul, Allah sənə nicat versin. Axır ki, məni tamarzıma, nisgilimə qovuşdurdun.

Elə bu zaman iki damla dupduru göz yaşı almanın üzərinə düşüb aşağıya axdı. Nihad kövrək-kövrək dedi:

— Ata, Xocalı almasıdır e…..e! Soyub dilimləyimmi, sənin üçün?!

Manaf kişi oğluna diqqətlə nəzər salıb:

— Yox, oğul, yox! Denən Behişt almasıdır. Behişt alması! Soymayın, almanı soymazlar, günahdır… Elə ətri mənə bəsdir, balalarım! Bu ətri gör mən neçə illərdir gözləyirəm. Tez olun, birini məndən qabaq İsi balama verin…

O, susdu. Almanı dodaqlarına söykədi. Birdən əli açıldı və alma yerə düşüb döşəmədə diyirləndi. Qocanın cansız baxışları tavanda ilişib qaldı. Qadınlardan birinin naləsini küçədən keçənlər belə eşitdilər.

Balaca İsmayıl babasını bərk-bərk qucaqladı və qışqırdı. Onun qışqırığı isə hamının ürəyini qana döndərdi.

— Nolal, babam, ölmə də! Nolal ölmə!

Torpaq həsrətiylə çırpınan bir ürək isə əbədilik susmuşdu…

İbrahim Vahabov