"Medianın qınanılması düzgün deyil” MÜNASİBƏT-FOTOLAR

26 Fevral 2015 18:14 (UTC+04:00)

Ayrı-ayrı siyasətçilər, dövlət adamları təəssüflə bildirilər ki, KİV-də vətənpərvərlik hissləri yetərincə təbliğ olunmur. Bu iradları qəbul etmək nə dərəcədə doğrudur?

Bununla əlaqədar olaraq SİA-ya "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev açıqlama verib. Bildirib ki, Azərbaycanın mediası vətənpərvərlik mövzularından yetərincə istifadə edir: "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsi keçirilir. Ora müxtəlif mövzular təqdim edilir. Onların adlarına diqqət edərkən görünür ki, mövzuların 60-70% vətənpərvərlik məsələlərinin təbliğinə həsr olunub. Düşünürəm ki, mediada vətənpərvərlik hissləri yetərincə verilir və bu məsələdə medianın qınanılması düzgün deyil".

"Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova: "Biz daim vətənpərvərlik mövzusunda müxtəlif rubrikalar təqdim edirik. Bildiyiniz kimi bu gün Xocalı soyqırımı günüdür və bununla əlaqədar olaraq qəzetimizə yazılar nəşr olunur. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi faciələr barədə maarifləndirici materiallara üstünlük veririk. Hesab edirəm ki, vətənpərvərlik mövzusunda daha tez-tez yazılar vermək, məktəblərdə bununla bağlı geniş tədbirlər təşkil olunmalıdır. Bu cür faciələri yaşamış insanlarla mütəmadi olaraq müsahibələr alınmalıdır. Onu da deyim ki, vətənpərvərlik haqqında yalnız anım günlərində deyil, ilboyu bu cür mövzulara müraciət edilməlidir. Bir sözlə xatırlatmalar hər zaman davamlı olmalıdır".

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli: "Vətənpərvərlik mövzusu hər kəsin diqqətində olan məsələdir. Ümumi şəkildə götürdükdə mətbuatda vətənpərvərlik mövzularına müəyyən qədər diqqət yetirilir. Təəssüf ki, dildə vətənpərvərlik haqqında danışırlar, ancaq vətənpərvərlik modulunun mediada necə əks olunması haqda kifayət qədər məlumat verilmir. Hesab edirəm ki, mediada ilk öncə vətənpərvərlik məsələsinin necə qabardılması barədə geniş bilgilər verilməlidir. Bununla bağlı müəyyən problemlər də mövcuddur. Düşünürəm ki, o problemlərin aradan qaldırılması istiqamətində müəyyən işlər görülməlidir. Onu da deyim ki, əvvəllər bu məsələ geniş şəkildə seminarlarda müzakirə olunurdu. Son zamanlar müəyyən qədər səngimələr müşahidə olunur. Ona görə də bu istiqamətdə tədbirlər keçirilməli, müzakirələr aparılmalıdır".