İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Ombudsmanının fəaliyyəti dövründə hökumətə 461 təklif verdiyi, bunların 60 faizinin öz həllini tapdığı nəzərə çatdırılıb.
Müvəkkilin fəaliyyətində insan hüquqları üzrə maarifləndirmə işinin geniş yer tutduğu, əhalinin müxtəlif qruplarının hüquq düşüncəsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə önəm verildiyi, çoxsaylı hüquqi nəşrlərin hazırlandığı vurğulanıb.
Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidis səmimi qəbul, ətraflı məlumat və fikir mübadiləsi üçün E. Süleymanovaya təşəkkür edib. O, təmsil etdiyi beynəlxalq təşkilatın Azərbaycanla qarşılıqlı əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Xüsusi nümayəndə Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyətinə bələd olduğunu, onun çox dinamik çalışdığını bildirib, insan hüquqlarının müdafiəsi və təmini ilə bağlı birgə əməkdaşlığın əhəmiyyətini qeyd edib.