Goranboyun mədəniyyət və turizm şöbəsində XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyev çıxış edərək xalqımızın ən yaxın tarixinə qanla yazılmış Xocalı soyqırımından, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər dəhşətli qətliamlardan danışıb. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilib.
Mərasimdə o da vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasını və dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınmasını, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsini, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır.
Çıxışlarda Xocalı soyqırımı haqqında həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da misilsiz xidmətləri qeyd edilib və bu istiqamətdə görülən işlər yüksək dəyərləndirilib.
Qeyd edək ki, sonra rayon rəssamlarının Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət sərginin nümayişi olub.