“Yaddaşlarda yaşayan Xocalı”

25 Fevral 2015 17:46 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının, Muzey Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Yaddaşlarda yaşayan Xocalı" adlı sərgi təşkil olunub. SİA-nın verdiyi məlumata görə, sərgidə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixinin ən qanlı olaylarından biri olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, həmin gecə erməni quldurları o vaxtkı Rus imperiyasının 366-cı moto-atıcı rus alayının birbaşa köməyi ilə Xocalıda soyqırım törədiblər. Xocalı faciəsi ilə bağlı verilən rəsmi məlumatlarda bildirilir ki, həmin gecədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər isə əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Daha dəhşətli bir fakt da ondan ibarətdir ki, həmin gün 8 ailə bütün üzvləri ilə birgə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini, itirmiş, 487 nəfər yaralanıb. Onu da diqqətə çatdırıblar ki, nazirlik olaraq tez-tez bu cür sərgilər keçirilir ki, gənc nəsil də sözügedən faciəni daim qan yaddaşında saxlasınlar.

Daha sonra sərgidə Azərbaycan rəssamlarının Xocalı faciəsinə həsr olunmuş əsərləri nümayiş etdirilib. Sərgi-müsabiqə Xocalı faciəsi zamanı törədilmiş soyqırımı faktlarını təsviri və dekorativ sənət əsərləri vasitəsi ifadə edilməsi, zaman-zaman xalqımızın başına gətirilən faciələrin, genosid faktlarının bədii təcəssümü, eyni zamanda xalqımızın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə keçirilir.

Nəzərinizə çatdıraq ki, sərgidə 62 rəngkarın 71, 23 qrafika rəssamının 28, 10 heykəltəraşın 12, 10 dekorativ -tətbiqi sənət ustasının 12 əl işi nümayiş olunub.

Qeyd edək ki, Muzey Mərkəzinin sərgi qalereyasında təşkil olunan sərgi fevral ayının 27-dək davam edəcək.