Bu gün Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsi və Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin XXIII ildönümünə həsr olunmuş "Xocalını unutmayaq" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Dövlət Xalçaçılıq və Tətbiqi İncəsənət Muzeyinin direktoru Röya Tağıyeva söz alaraq Xocalı faciəsində xalqımızın başına gətirilən müsibətlərdən danışıb. Bildirib ki, sözügedən hadisə yaddaşımızdan heç bir zaman silinməyəcək.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Xocalı faciəsinin insanlıq tarixinə düşən ən qanlı olaylardan biri olduğunu söyləyib. Bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu kütləvi qırğın qan yaddaşımızdan heç zaman silinməyəcək: "Erməni faşistlərinin xalqımıza qarşı törətdiyi vəhşilikləri heç vaxt unutmayacağıq. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı tarixə hüquqi qiymət verilib və soyqırım kimi tanınıb".
Daha sonra Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman çıxış edərək Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımında amansızcasına qətlə yetirilən soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini tədbir iştirakçılarından xahiş edib. Bildirib ki, Xocalı soyqırımının XXIII ildönümü ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər həyata keçirilir: "Bugünkü tədbir də həmin tədbirlərdən biridir. Biz hər zaman vətənpərvərlik yönümündə müxtəlif tədbirlər keçirmişik. Hazırkı tədbir də yetişməkdə olan gənc nəslin nümayəndələrinin iştirakı təsadüfi deyil. Onlar bilməlidirlər ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir. Bu tarix bizim qan yaddaşımızdır. Böyüyən nəsil tarixin bu səhifəsini yaddaşına həkk etməli və heç zaman unutmamalıdır".
Tədbirdə çıxış edən millət vəkilləri Vahid Əhmədov, Fazil Mustafa 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən soyqırımı, Azərbaycan tarixinə qara hərflərlə yazıldığını bildiriblər. Diqqətə çatdırılıb ki, həmin gecə erməni silahlı dəstələri və Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçiləri Xocalı şəhərini dağıdıblar. Bildirilib ki, ermənilərin tarix boyu törətdiyi vəhşiliyi dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görülür".
Tədbirdə "92-ci ilin qarı" adlı sənədli film nümayiş olunub.
Nəzərinizə çatdıraq ki, Uşaq Muzeyi şöbəsinin rəsm dərnəyi və İdrak liseyinin hazırladığı "Xocalı-23 il" adlı sərgi nümayiş olunub.
Qeyd edək ki, sonda İdrak liseyinin hazırladığı "Xocalı-faciəsi" tamaşası və xanəndə Şaiq İbayevin ifasında "Şur" muğamı səsləndirilib.