“Xocalının dünyaya çatan harayı”

25 Fevral 2015 14:58 (UTC+04:00)

Bu gün AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş "Xocalının dünyaya çatan harayı" mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov "Dünya soyqırımları faciəsi kontekstində Xocalı" mövzusunda ermənilərin Azərbaycanda törətdikləri bu soyqırımın bütün dünyada ən dəhşətli cinayət olduğunu bildirib: "Hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimləri keçirilir. Burada əsas məqsəd Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını ifşa etməkdir. Xocalı faciəsi acı gerçəkləri özündə birləşdirir. Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi və bəşəriyyətə qarşı bu cinayəti törədənlərin cəzalandırılması zəruridir".

Sonra çıxış edən Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, xalqımızın işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini ifadə edib.

Tədbirdə, həmçinin muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Xatirə Bəşirli "Xocalı faciəsi haqqında erməni etirafları", tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimov "Xocalıda törədilmiş erməni vandalizmi" və muzeyin X.Natəvan adına Qarabağ filialının kiçik elmi işçisi Məhsəti Əhmədova "Xocalı faciəsi tarixi cinayətdir" mövzusunda məruzələrlə çıxış edərək fikirlərini bölüşüblər.

Sonda Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Natəvan adına Qarabağ filialının əməkdaşlarının dünya muzeylərinə müraciəti səsləndirilib. Tədbir çərçivəsində bu qanlı faciəni əks etdirən stendlər nümayiş etdirilib.

İntizarə Məmmədova