"Qəhrəmanlar unudulmur" FOTOLAR

24 Fevral 2015 17:40 (UTC+04:00)

Fevralın 24-də Azərbaycan Dillər Universitetində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş "Qəhrəmanlar unudulmur" adlı bədii kompozisiya keçirilib. ADU-da SİA-ya verilən xəbərə görə, Filologiya və jurnalistika fakültəsinin 230B qrup tələbəsi Rəna Rəsulzadənin ssenarisi əsasında və ADU Tələbə Gənclər Təşkilatının adıçəkilən fakültə üzrə fəal tələbələrinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Öncə Xocalı soyqırımında həlak olmuş insanların ruhları bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və ingilis dillərində Xocalı soyqırımı, faciədə həlak olan insanlar, ermənilərin törətdikləri vəhşiliklər haqqında məlumat verilib, vətənpərvər ruhda yazılmış şeirlər söylənilib. Tədbirdə, eyni zamanda həmin hadisələrdən bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra "Qəhrəmanlar unudulmur" adlı tamaşa göstərilib. Tamaşada Xocalının işğalı zamanı düşmənlər tərəfindən ana və övladlarına edilən işgəncələr, qardaşı düşmən gülləsinə tuş gəlmiş bacının ah-naləsi, körpəsi öldürülmüş ananın hayqırtıları nümayiş olunub. "Çırpınırdı Qara dəniz" mahnısının sədası altında Azərbaycan Respublikasının Dövlət Bayrağının səhnəyə gətirilməsi, bayrağın öpülərək Azərbaycan əsgərinin hərbi andı içməsi ilə yekunlaşan tamaşada yaxın zamanlarda torpaqlarımızın işğaldan azad ediləcəyinə əminlik ifadə olunub.

Sonda ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Filologiya və Jurnaslitika fakültəsinin dekanı, professor Sevda Vahabova, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxış edərək Xocalı soyqırımının ürəkdağlayan hadisə olduğunu söyləyiblər. ADU-nun istedadlı tələbələri tərəfindən təşkil olunmuş tamaşanın Xocalı soyqırımının yüksək səviyyədə təbliğatı olduğunu dilə gətirən çıxışçılar tökülən qanların yerdə qalmayacağını, işğal altında olan Azərbaycan torpaqlarının geri qaytarılacağından əmin olduqlarını söyləyiblər.