Azərbaycan "Onlayn Dünya Florası"nda

24 Fevral 2015 17:04 (UTC+04:00)

"Onlayn Dünya Florası"nın Missuri Botanika Bağı (ABŞ) tərəfindən Cenevrə şəhərində (İsveçrə) təşkil olunmuş növbəti beynəlxalq seminarında Azərbaycan ilk dəfə olaraq üzv kimi iştirak edib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan tərəfini tədbirdə AMEA Botanika İnstitutunun doktorantı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aida Dadaşova təmsil edib.

Seminarın əsas məqsədi BMT-nin Biomüxtəliflik Konvensiyasının (CBD) Bitkilərin Qorunmasının Qlobal Strategiyası Hədəf 1 (GSPC Target 1) "Məlum bitki növlərinin elektron floritstik siyahısı" üzrə dünya florasının məlum bitki növlərinin siyahılarının tərtib edilməsinin, nəşr olunmuş və olunacaq dünya floralarının onlayn elektron nüsxələrinin kütləvi istifadəyə verilməsinin müzakirəsi idi.

Qeyd edək ki, "Onlayn Dünya Florası" çərçivəsində 25-dən çox ölkə əməkdaşlıq edir. Dünya florasının ümumi məlum siyahısının tərtibi ictimai, ekoloji və iqtisadi problemlərin həll olunması ilə yanaşı, itmə təhlükəsi altında olan bitki növlərinin mühafizə edilməsi baxımından çox aktualdır.