Əriyir hər şey hər Gün doğanda,
Gecə səhərdə əriyir...
Əriyir illər Aydan çıxanda,
Adamlar şəhərdə əriyir...
Üzündən sabahı əriyənlər,
Yığıb-yığışdırır ayları...
Torpağa toxum əkənlər,
Öz təriylə əridir arzuları...
Birinin taleyi sevgidən əriyir,
Birininki ağrıdan...
Biri ovcundakı puldan əriyir,
Biri də düşdüyü haldan...
Yavaş-yavaş ürəyimiz əriyir,
Bu gəlişin-gedişin altında...
Dualı dirəyimiz əriyir,
Qızan Günəşin altında...
Əriyir hər şey hər Gün doğanda,
Gecə səhərdə əriyir...
Əriyir illər Aydan çıxanda,
Adamlar şəhərdə əriyir...
Xanım İsmayılqızı