Fövqəladə hallar naziri Astarada vətəndaşları qəbul edib

20 Fevral 2015 18:47 (UTC+04:00)

Fevralın 20-də Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Astara Rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşları qəbul edib. SİA-nın Cənub bürosunun məlumatına görə, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinləri ilə yanaşı, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazirliyin müvafiq strukturları rəhbərlərinin, rayonların fövqalədə hallar komissiyalarının sədrlərinin də iştirak etdikləri qəbul zamanı müraciətlərin əksəriyyətini işə qəbul, qəzalı vəziyyətdə olan evlərin təmiri və Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı olub.

Qəbul zamanı nazir Kəmaləddin Heydərov vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur qurumlarının rəhbərlərinə müvafiq göstərişlər verib.

Gün ərzində nazir Kəmaləddin Heydərov tərəfindən 24 nəfər, kadr məsələri bağlı 215 nəfər, Nazir müavinləri və digər struktur qurumlarının rəhbərləri tərfindən isə 231 nəfər qəbul edilib.

Vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Nazir K.Heydərov hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Sərraf Mirsəfəroğlu