"Həmsədrlər Azərbaycana qarşı diplomatik səhvə yol verdilər" AÇIQLAMA

20 Fevral 2015 15:53 (UTC+04:00)

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ATƏT-in rəsmi saytında fevral ayının 16-19-da Azərbaycan və Ermənistana səfərləri ilə bağlı press-reliz yayıblar. Diqqəti cəlb edən bəyanatın mətnində həmsədr ölkələrin nümyəndələrinin Azərbaycanla bağlı kobud səhvə yol vermələridir. Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadənin SİA-ya verdiyi məlumata görə, bəyanatın mətnində "Dağlıq Qarabağın faktiki rəhbərləri ilə görüş keçirdikləri" bildirilir.

Deputatın sözlərinə görə, həmsədr ölkələr - ABŞ, Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və onların vasitəçiliyi Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasından ibarətdir: "Dağlıq Qarabağ adlanan tarixi Azərbaycan coğrafi ərazisi Ermənistan tərəfindən işğal edilmiş ərazinin cəmi üçdə birini təşkil eilir. Azərbaycanın nəzarətindən kənarda olan ərazidə hakimiyyət yox, Ermənistan işğalçı qüvvələrinin nümayəndələri var".

A.Mirzəzadə bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin işğalçı komandanlıq nümayəndələrinə legitimlik vermək cəhdi yolverilməzidr və bu diplomatik səhv aradan qaldırılmalıdır: "Ötən il noyabrın 12-də də Ermənistan hərbi helikopteri Azərbaycan ərazisində vurulandan sonra diplomatik səhvə yol verildi və sonradan bu səhv düzəldildi".