ARDNŞ xarici şirkətlərlə əməkdaşlıq edir

20 Fevral 2015 10:11 (UTC+04:00)

Gənc jurnalistlərin SOCAR qış məktəbi layihəsi çərçivəsində jurnalistlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr idarəsinin direktoru Teymur Mahmudov arasında görüş keçirilib. Görüşdə çıxış edən Teymur Mahmudov jurnalistlərə ARDNŞ-nin neft sənayesində milliləşdirmə proqramları ilə bağlı məlumatlar verib. Onun sözlərinə görə, bizim əsas strategiyamız yerli kadrların, yerli mütəxəssislərin hazırlanması və onların ölkəmizdə fəaliyyət göstərən əcnəbi mütəxəssislərin yerinə yerləşdirilməsindən ibarətdir: "Bu strategiya əsrin müqaviəsi imzalandıqdan sonra seçilib. ARDNŞ yerli mütəxəssislərin hazırlanması üçün bir sıra xarici şirkətlərlə həmçinin yerli qurumlarla əməkdaşlıq edir. Bu yöndə BP və SOCAR, ƏƏSMN və SOCAR arasında əməkdaşlığa dair protokollar da imzalanıb.Bu protokollar peşə və ixtisas standartlarının hazırlanması və tətbiqinə yönəlib. Bundan əlavə BP ilə vakansiyaların idarəedilməsinə dair memorandum da imzalanıb. Bu memorandumlar ixtisaslı kadrların hazırlanmasına yönəlib".