"Azərbaycan informasiya texnologiyaları sahəsində istehsalın artırılması üçün yeni model tətbiq edəcək". Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. Nazir bildirib ki, yeni model istehsalın tək yox, qonşu ölkələrdən biri ilə yeni yaradılacaq azad iqtisadi zonada həyata keçirilməsini nəzərdə tutur:
"Hesab edirik ki, bu Azərbaycana həm siyasi, həm də ərazi baxımdan yaxın olan dövlət olmalıdır. Bununla bağlı biz artıq müəyyən danışıqlara başlamışıq", - deyə nazir Əli Abbasov qeyd edib.
Lakin nazir bu dövlətin adını açıqlamayıb. Azərbaycanın bundan əvvəl də bir neçə dəfə İranın İKT sektoruna maraq göstərməsini, həmçinin rabitə naziri Əli Abbasovun mütəamdi səfərlərini nəzərə alsaq, bu dövlətin məhz İran olacağını güman etmək olar. Fevralın 22-də Əli Abbasovun yenidən Tehrana səfər etməsi də bu arqumentləri gücləndirir.
Bundan başqa, Azərbaycan İKT sektoruna xarici investorları da dəvət edir. Amma bir şərtlə ki, icra olunan layihələrdə 50:50 prinsipi ilə yerli şirkətlər də iştirak etsin. Xarici investor isə Azərbaycan məhsulunu xarici bazarlara çıxarsın. Bununla İKT sektorunun ixrac potensialının artırılması hədəflənir.