“Xəzər Open" beynəlxalq şahmat festivalı başa çatıb

18 Fevral 2015 17:18 (UTC+04:00)

İranın Rəşt şəhərində keçirilən 13-cü beynəlxalq "Xəzər Open" şahmat festivalı başa çatıb. SİA-nın məlumatına görə, festivalda 15 ölkədən 321 zəka sahibi qələbə uğurunda mübarizə aparıb. Yarış A, B, C və D qrupları üzrə keçirilib. Ölkəmizi bu turnirdə müxtəlif qruplarda 60 şahmatçı təmsil edib. A turnirində mübarizə aparan təmsilçilərimizdən Azər Mirzəyev sonuncu turda qələbə qazanaraq 7 xalla turnirin bürünc mükafata sahib olub. Bu qrupda mübarizə aparan digər təmsilçilərimiz Ramil Əlləcov və Qulam Məmmədov hərəyə 6 xal toplayaraq 9-15-ci yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə Əlləcov 14-cü, Məmmədov isə 15-ci yerdə qərarlaşıb.

Nərmin Kazımova isə aktivinə 5.5 xal yazaraq turniri 23-cü yerdə bitirib. Misrətdin İsgəndərov 5, Rəşad Zeynallı 4.5, Zaur Bayramov 4 xal toplayıb. Turnirin qalibi isə aktivinə 8 xal yazan Polşa şahmatçısı Yacek Stopa olub.

B qrupunda mübarizə aparan həmyerlimiz Mirmusa Feyziyev axırıncı turda yerli şahmatçı Behtaş Salimifarda məğlub olaraq birinci olmaq şansını itirib. Feyziyev 9 oyundan 7 xal toplayaraq 6-cı yerə çıxıb. Vəli Zeynalzadə 6.5 xalla 14-cü, Murad İbrahimli 6 xalla 25-ci və Vüqar Manafov eyni xalla 29-cu olub.

C qrupunda iştirak edən şahmatçılarımızdan Xatun Bağırova aktivinə 5.5 xal yazaraq 9-cu yerə çıxıb. Ləman Hüseynova 12-ci, Aytac Heydərova isə 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilib.