Dərman alarkən diqqətli olun!

18 Fevral 2015 06:02 (UTC+04:00)

Ağsuda zəhərlənmə olub. Özü də dərmandan. Zərərçəkən xəstəxanaya yerləşdiriləndən sonra məlum olub ki, aptekdən aldığı dərmanın istifadə müddəti başa çatıb.

Xəstələnmişdi, sağalmaq üçün dərman aldırdı. Ancaq məlhəm niyəti ilə qəbul etdiyi dərman vəziyyətini daha da ağırlaşdırdı.

Hadisə Ağsuda olub. Qorxmaz Abdullayev həyat yoldaşı Elmira Abdullayevanı xəstəliyi səbəbindən həkimə aparıb. Həkim müayinə edəndən sonra müalicə üçün dərman yazıb. O da yazılan dərmanları bu aptekdən alıb.

Ancaq Elmira Abdullayeva həmin dərmanlardan birini istifadə edəndən sonra halı pisləşib. Bir müddət sonra vəziyyəti ağırlaşan qadın xəstəxanaya çatdırılıb.

Zərərçəkən qadına tibbi yardım göstərilib, sistem qoşulub. Məlum olub ki, qəbul etdiyi dərmanın istifadə müddəti qurtarıb.

Həkimlərin dediyinə görə xəstədən lazım olan analizlər götürülüb. Zəhərlənmənin vaxtı keçmiş dərmandan olub olmadığı analizin nəticəsində məlum olacaq. Dərmanın alındığı aptek çəkiliş apardığımız zaman bağlı olub.