Səfir tələbələrlə görüşdü FOTO

17 Fevral 2015 14:21 (UTC+04:00)

Fevralın 17-də Azərbaycan Dillər Universitetində Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Naseer Kareem universitetin tələbələri ilə görüşüb. ADU-dan SİA-ya verilən xəbərə görə, xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynovanın təşkilatçılığı ilə baş tutan görüşdə səfir "Fələstin problemi və Yaxın Şərqdə sülhün perspektivləri" mövzusunda mühazirə ilə çıxış edib.

Səfir Naseer Kareem mühazirəsində Azərbaycan və Fələstin arasındakı qarşılıqlı əlaqələrə toxunaraq ölkələrarası münasibətlərdə gedən inkişafdan söz açıb. Əlaqələrin qədim tarixə malik olduğunu söyləyib. Azərbaycanın müstəqil və demokratik siyasət yürütdüyü, lakin Fələstinin hələ də işğal altında olduğunu bildirən səfir N. Kareem Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə Azərbaycanda Fələstin səfirliyinin fəaliyyətə başladığını xatırladıb. O, Azərbaycan və Fələstin arasında bir sıra oxşarlıqların olduğunu deyib. Fələstinin işğalının müasir bəşər tarixinin ən uzun işğalı hesab olunduğunu deyən səfir bu işğalın tarixi, problemlərin başlanma səbəbi, tarixi vaxtlar və insanların işğal altında həyat tərzləri haqqında danışıb.

Sonda Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin sualları cavablandırılıb.