Nazirlər DQ məsələsini müzakirə edib

16 Fevral 2015 11:40 (UTC+04:00)

Bu gün İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. SİA-nın məlumatına görə, həm təkbətək, həm də geniştərkibli görüşdə hər iki ölkənin prezidentlərinin görüşlərinin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malik olduğu qeyd olunaraq, Azərbaycan və İran İslam Respublikası arasında olan əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrin inkişafının vacibliyini qeyd edərək, Azərbaycan və İran İslam Respublikası arasında olan dostluq və tərəfdaşlığın regional sülhə və tərəqqiyə xidmət etdiyini deyib.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin qonşu dövlət olaraq, Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edib.

Regional məsələlər ətrafında aparılan fikir mübadiləsi əsnasında nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzünün regionun inkişafı üçün əsas təhdid mənbəyi olduğunu bildirib. Görüşdən sonra KİV nümayəndələrinin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.

Ceyhun Rasimoğlu