Məhərrəm Zülfüqarlı: "İstənilən şəxsin QHT yaratması yolverilməzdir" AÇIQLAMA

13 Fevral 2015 16:23 (UTC+04:00)

Nazirlər Kabineti "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nda dəyişiklik edib. Belə ki, dəyişiklik xarici dövlətlərin qeyri-hökumət təşkilatlarına Azərbaycan Respublikasında nümayəndəlik və ya filial yaradılması ilə əlaqədar məhdudiyyət qoyulması ilə əlaqədardır.

Bu qərarın hansı neqativ halların aradan qaldırılmasına kömək edəcəyini SİA-ya açıqlamasında İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı söyləyib: "Azərbaycan dövlətçiliyinin müdafiə edilməsi, ölkəmizin təhlükəsizliyi baxımından çox önəmli hadisədir. Azərbaycan qərbə inteqrasiya etsə də müharibə şəraitində olan bir dövlətdir. Ona görə də bu mütləq dövlətin nəzarətində olmalı idi. Hər istənilən şəxs gəlib ölkəmizdə QHT açması yol verilməzdir. Bu məhdudiyyətlərə müsbət yanaşıram. Hesab edirəm ki, bu dövlətin təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Azərbaycana qarşı təxribat törətmək istəyən qruplar vəziyyətdən istifadə edə bilərlər. Əgər qanun buna nəzarətə imkan verirsə həmin təxribatların qarşısı alınar".