Səfirlərin maaşları artırılacaq?

13 Fevral 2015 12:44 (UTC+04:00)

"Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyev Ermənistan nümayəndəsinə layiqli cavab verdi. Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini lazımı şəkildə tənqid etdi. Prezident Azərbaycan xalqının hisslərini ifadə etdi". SİA-nın məlumatına görə bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili qeyd edib ki, bu çıxış Azərbaycan xalqının hisslərini müəyyən qədər sakitləşdirdi: "Xarici ölkələrdəki diplomatik korpuslara və beynəlxalq təşkilatlardakı nümayəndəliklərə göstəriş verilməlidir ki, Xocalı faciəsi ərəfəsində müvafiq tədbirlər keçirsinlər və tədbirlərdə çıxışlar edərək, qoyulan məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsınlar".

Q. Həsənquliyev Azərbaycanın xaricdəki səfirləri ilə bağlı problemlərə də toxunub: "Azərbaycanın xaricdəki səfirləri 500 manat civarında maaş alır. Qalanları isə ezamiyyət xərcləri üçün verilən məbləğdir. Buna görə də onlar pensiyaya çıxanda çox cüzi, yəni 250-300 manat pensiya alacaqlar. Bu da onları çox ciddi narahat edir və bunun üçün yollar tapmalıyıq. Bu gün ölkəni xaricdə təmsil edən bu şəxslər sabah ölkəyə qayıdanda, normal həyatlarını davam etdirmək üçün normal maaş ala bilsinlər".