Müxalifət lideri 100 min dollar vəd etdi

13 Fevral 2015 10:32 (UTC+04:00)

Müxalifətdə olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qagik Tsarukyan Ermənistanın polis rəisi Vladimir Qasparyanla görüşüb və partiyadaşı, "Kasetsum" (Dirəniş) hərəkatının fəalı Artak Xaçatryana qarşı törədilmiş döyülmə faktının araşdırılması ilə bağlı müzakirələr aparıb. SİA xəbər verir ki, bu barədə "armtoday" saytı məlumat yayıb.

Müxalifət lideri bildirib ki, yalnız ədalətli istintaqın nəticəsində sözügedən cinayət ətrafında yaranmış müxtəlif səpgili şübhələrə son qoyula bilər.

Qagik Tsarukyan istintaqın gedişatında dəyərli informasiya verərək, işin daha tez açılması üçün fəallıq göstərən tərəflərə 100 min ABŞ dolları ilə mükafatlandırılacağını vəd edib.

Xatırladaq ki, Artak Xaçatryanın döyülməsi faktı ilə bağlı irəli sürülən mülahizələrdən biri də üç nəfər qara maskalı şəxsin onu oğurlayaraq, şəhər ətrafına aparmalarıdır. Nəticədə çoxsaylı xəsarətlər alan erməni müxalifətçi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bu cinayət faktında hakimiyyətin əlinin olması daha çox irəli sürülən ehtimallardan biridir.

Rövşən Nurəddinoğlu