İnvestisiya layihələrinin qəbuluna başlanıb

11 Fevral 2015 11:49 (UTC+04:00)

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) fevralın 6-da Bərdə rayonunun Zümürxan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Nazirlikdən SİA-ya verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Bərdə rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- cins heyvandarlıq təsərrüfatlarının yaradılması;

- pendir, üzlük daş və corab istehsalı müəssisələrinin yaradılması;

- "yaşıl market" və kiçik fermer mağazalarının yaradılması;

- intensiv bağçılıq təsərrüfatlarının yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.