Gennadi Züqanov Rus İcmasında görüş keçirib FOTOLAR

10 Fevral 2015 21:51 (UTC+04:00)

Azərbaycan Rus İcmasının Rus Mədəniyyəti Mərkəzində Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

Milli rus geyimli qızlar qonaqları duz-çörəklə qarşılayıblar. Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinin səmimi salamladığı qonaqlar 1993-cü ildə yaradılmış Rus Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Mərkəzin direktoru Qalina Manafova qonaqları Azərbaycanda rus mədəniyyətinin və rus dilinin, rus ədəbiyyatı, adət və ənənələrinin qorunub saxlanması, inkişaf etdirilməsi və təbliği, millətlərarası əlaqələrin inkişafı və möhkəmləndirilməsi, rus və Azərbaycan mədəniyyətlərinin, habelə Azərbaycan ərazisində yaşayan digər xalqların mədəniyyətlərinin qarşılıqlı təsiri və qarşılıqlı zənginləşməsi istiqamətində aparılan böyük işlər barədə məlumat verib.

Qeyd edilib ki, ötən illər ərzində Mərkəz Rusiyanın və Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin yaradıcılığına həsr edilmiş çoxsaylı ədəbi-musiqili tədbirlər, pravoslav bayramları münasibətilə konsertlər təşkil edib. Mərkəzdə mütəmadi olaraq Azərbaycanda yaşayan rus rəssamlarının əsərlərinin sərgiləri, rus şair və yazıçılarının kitablarının təqdimat mərasimləri, respublikanın, Rusiyanın və yaxın xaric ölkələrin görkəmli mədəniyyət xadimləri ilə yaradıcı görüşlər keçirilir.

M.Zabelin Rus İcmasının fəaliyyətindən söhbət açaraq qeyd edib ki, icma bir sıra mühüm layihələr həyata keçirir: müharibə və əmək veteranlarına hər il maddi yardım göstərilir, müalicəyə ehtiyacı olanlar Moskva şəhərinin klinikalarında müalicə olunmağa göndərilir, uşaqlar Rusiyanın tarixi bölgələrində turist səfərlərində olur, yay fəslində uşaqların "Drujba" idman-sağlamlıq xeyriyyə düşərgəsində istirahəti təşkil edilir.

Qeyd olunub ki, ehtiyacı olan yaşlı insanlar zəruri dərman maddələri, tibbi cihazlar, əlil arabaları ilə təmin edilir. Respublikada həyata keçirilən "Moskva merinin təqaüdü" proqramı sayəsində Bakı şəhərinin ali məktəblərində təhsil alan 22 ən yaxşı tələbənin hər birinə ildə 1100 ABŞ dolları məbləğində təqaüd ödənilir.

Respublika məktəbləri ilə səmərəli iş aparılır – rus dili və Rusiya tarixi üzrə olimpiadalar və müsabiqələr keçirilir.

Rus icmasının təşəbbüsü ilə hər il "Rodniki düşi" adlı rus mahnısı festivalları keçirilir, Yeni il münasibətilə uşaqlar üçün tamaşalar təşkil edilir.

Gennadi Züqanov Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətləri barədə xatirələrini bölüşərək qeyd edib ki, Prezident İlham Əliyevlə də çoxdan tanışdır.

O, Bakıda keçirilmiş görüşlər barədə məlumat verərək qeyd edib ki, nümayəndə heyəti 23 nömrəli orta ümumtəhsil məktəbində və Bakı Slavyan Universitetində olub.

Qonaqlar Azərbaycanda rus dilinin və rus ədəbiyyatının öyrənilməsi səviyyəsindən, respublikada rus mədəniyyətinə və incəsənətinə münasibətdən məmnun olduqlarını bildiriblər.

G.Züqanov rus icmasının problemləri ilə maraqlanıb. Qonaqlara "Ruslar Azərbaycanın tarixində" kitabı və rus dilində jurnallar hədiyyə edilib.

Rus İcması sədrinin müavinləri Veniamin Mayorov, Aleksandr Alekseyev, Nikolay Vasilçenko, Lyübov Yakunina, "İnterfaks-Azerbaydjan" informasiya agentliyinin direktoru Aleksandr İvanov görüşdə iştirak ediblər.