Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

10 Fevral 2015 19:28 (UTC+04:00)

Hər il fevral ayının ikinci çərşənbə axşamı dünyanın 110-dan çox ölkəsində Beynəlxalq Təhlükəsiz İnternet Günü (İnternational Safer Internet Day) qeyd olunur. "İnsafe" (Təhlükəsiz İnternet Avropa Şəbəkəsi) təşkilatının təşəbbüsü ilə 2004-cü ildən hər il qeyd edilən bu əlamətdar günün əsas məqsədi təhlükəsiz interneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaqlar və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir. Bu il "Birlikdə daha mükəmməl internet yaradaq" şüarı altında qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü 10 fevral tarixinə təsadüf edir.

Qeyd edək ki, 2013-cü ildə yaradılan Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzi tərəfindən internetdə fırıldaqçılığa, maliyyə saytlarına müdaxiləyə və uşaq pornoqrafiyasının yayılması əleyhinə genişmiqyaslı əməliyyatlar həyata keçirilir. Mərkəzin vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Hazırda təşkilatın fəaliyyəti internetdə üç cinayət növünün qarşısının alınması ilə məhdudlaşdırılıb. Bunlar əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumlar, onlayn mütəşəkkil fırıldaqçılıq və uşaq pornoqrafiyasının yayılması ilə mübarizədir.