Toyuq və qadın tuflisi...

10 Fevral 2015 11:04 (UTC+04:00)

Xalqın şairi olan Məmməd Aslan xəstəxanaya düşüb. Ədəbiyyatımızın onurğa sümüyünə çevrilən şairin sınmış ombası elə bir millətin çəkəcəyi bir ağrıdır. Bu ağrını kim harasında hiss edə bilirsə, orasına uğur olsun. Hiss etməyənlər onsuz da Məmməd Aslan kimi bir dəfə ölüb həmişə yaşaya bilməyəcək. Şair bir dəfə ölür, amma həmişə yaşayır. Elə Məmməd Aslanın özü üçün də adi bir toyuğun nə qədər qiymətli olduğunu bilsək, bütün qiymətli maddi nemətlərimizi, həsrəti ilə yanıb-yaxıldığımız şeylərimizi onun sınmış ombasına qurban verməyə də hazır olardıq. Məmməd Aslanın toyuq acısı illərdir ki, məni haqlı olaraq toyuq ətinə həsrət qoyub. Bu toyuğun təsiri altından çıxmaqmı olar? Həqiqətənmi dünyanın bütün dərdi şairlərin qəlbinə yüklənib, doğurdanmı şair qələmi bu qədər dərd, qəmi yazacaq qədər iradəlidir? Məmməd Aslanın anasının toyuğu, dostum Qəşəmin qadın tuflisi nə başa düşə biləcəkdimsə, onu da dedi mənə.

Məmməd Aslan uşaqdır, məktəbli yoldaşları ilə kinoya getmək istəyir. Bunun üçün bilet pulu lazımdır. Evə gəlir, anasına deyir, məktəbli yoldaşlarından geri qalmamaq üçün anasında xahiş edir: "Mənim əziz anam, kinoya gedəcəyik uşaqlarla, amma bilet pulum yoxdur..." Ana bilir ki, evdə bir qara qəpik də yoxdur. Həyətdəki iki toyuqdan birini qucağına alıb bazara yollanır. Səhərdən axşama qədər, gecəyarısına qədər bazarda, küçələrdə dolaşır. Toyuğu sata bilmir ki, bilmir. Balaca Məmməd evdə gözləyir, anasının bu vaxta qədər evə niyə gəlməməyi, anasının harada olduğu onu o qədər düşündürür ki, həyəcandan üşüməyə başlayır. Gecəyarısı qapı açılır, ana içəri girir, qoltuğunda toyuq. Ana boynu bükülü... Oğluna bir bilet pulu tapa bilməyən ananın kimsəsiz, dərd tuluğuna bənzəyən yanaqları qızarır. Amma anadan da çox toyuq utanır buna. Toyuq satıla bilmədiyinə görə, Məmmədin anasından da çox utanıb, xəcalət çəkir...

İlk dəfə idi ki, həbsxanada nəmli divarların qoxumuş kələm dadı verən zəhərli havasını içinə çəkməyən dustaq görürdüm, daha doğrusu mən bayırdan divarın o tərəfini hiss edirdim. Bəzən olur ki, ekrandan belə bir qadının qoxusunu hiss eləmək olur. Dostum həbsxanada, mən bayırda. Yanına getmişəm, içəri zapiska yazıram: "Dostum, sənə yemək göndərdim, mənə cavab yaz"..

Cavab gəlir: "Mənə yemək yox, qadın tuflisi göndər..."

-Dostum, öz arvadının tuflisini olarmı?

-Yox, mənə qadın tuflisi göndər

-Necə bir tufli olsun? Təzəmi, köhnəmi?

-Necə olursa olsun, qadın qoxusun...

Bir tufli alıram, dünyanın ən gözəl qadınına, dərisinin cənnət qoxuduğu bir qadına, şəhvətinin insan öldürdüyü bir qadına o tuflini cəmi bircə dəfə geyindirib dostuma göndərirəm. Dostum cavab yazır:

İndi nəmli divarları yox, mən 2 ildir ki, qadın tuflisinin qoxusunu içimə çəkirəm...

Nə bir toyuğun ümidinə qalın, nə ərsiz ananızın yanaqları utansın... Düzdür, bu xoşbəxtlik hər adama nəsib olmasa da, elə dörd divar arasında illərlə çürüyüb qadın tuflisinin nə olduğunu anlamayanlar daha çoxdur. Birincidən olsanız sevinin, ikincinin xəcalətini çəkin... Bu hamımıza bəs edər... Amma Məmməd Aslanın ombasına edilən hər dua ədəbiyyatımızın fəqərə sütununa qoyulan bir sütundur.