Muxtar Respublika 91 yaşını qeyd edir

9 Fevral 2015 21:48 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 91 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycanın qədim bölgəsi Naxçıvanın tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda, şərəfli yol qət etdiyini söyləyib. Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olduğunu deyən B.Əsgərov muxtar respublikanın yaradılmasının tarixi zərurətdən irəli gəldiyini diqqətə çatdırıb.

Bildirib ki, çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri var. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilib.

Bildirilib ki, ötən il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub. 2014-cü il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada "Muxtariyyət ili" elan olunub. Azərbaycan Respublikasının Prezidenti "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il yanvarın 14-də Sərəncam imzalayıb. Həmin Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı" təsdiq olunub.

Daimi nümayəndəliyin rəhbəri ötən il təkcə Azərbaycanda deyil, Vətəndən kənarda da Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı bir sıra silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Hazırda 91 illiyini qeyd edən Naxçıvan muxtariyyət tarixinin ən şanlı və əlamətdar dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülüb".

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan diyarı çox mürəkkəb, kəşməkəşli inkişaf yolu keçməklə, həm də qəhrəmanlıqlarla zəngin bir tarix yaşayıb. Ötən əsrin 80-ci illərinin sonlarında muxtar respublikanın üzləşdiyi çətinliklər yenə də onun igid övladlarının bacarığı sayəsində aradan qaldırılıb. Xüsusilə, 1990-cı ilin yayında dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Naxçıvana gəlməsi, yerli əhali ilə birlikdə olması bu diyarı gələcək bəlalardan qurtardı, insanların inam və mübarizəsinə əlavə güc verdi.