AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda institutun "Texniki obyektlərin modelləşdirilməsi" laboratoriyasının müdiri, texnika elmləri doktoru, professor, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, SSRİ ixtiraçısı, Akademik Yusif Məmmədəliyev mükafatı laureatı Quliyev Məmmədkərim Ağakərim oğlunun 80 illik yubileyinə həsr edilmiş elmi şura keçirilib. SİA-nın məlumatına görə, tədbirdə İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxış edərək Məmmədkərim Quliyevin elmi nailiyətlər barəsində ətraflı məlumat verib. T. Əliyev bildirib ki, M. Quliyev proseslərin modelləşdirilməsi sahəsinə bir sıra yeni anlayışlar gətirmişdir. Bunlara misal olaraq, istiqamətlənmiş təsirli torları, bilavasitə modelləşdirilməsini və başqa anlayışları göstərmək olar. Onun təklif etdiyi ideyalar əsasında riyazi fizikanın mürəkkəb tənliklərini həll etməyə imkan verən SİVS modelləşdirici qurğu yaradılmış və həmin qurğunun ayrı-ayrı hissələrinə müəlliflik şəhadətnamələri alınıb. M.A.Quliyev respublikada modelləşdirmə nəzəriyyəsi üzrə 1970-ci ildə "Fiziki sahə və sistemlərin modelləşdirilməsinə dair" adlı ilk monoqrafiyanın müəllifidir. M.Ə.Hüseynzadə və M.M,Maksimovla müştərək yazdıqları "Методы моделирования и расчета термо и гидродинамических процессов в нефтяном пласте" monoqrafiyası 1984-cü ildə Moskvada çap edilib. Onun "Qeyri-stasionar proseslərin modelləşdirilməsi", "Analoq modelləşdirmə və onun tətbiqi" monoqrafiyaları elmi nəşrlər arasında öz layiqli yerlərini tutub. 1993-cü ildə M.A.Quliyev akad. Y.Məmmədəliyev mükafatı Laureatı adına layiq görülüb. 1994-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasına "İnformasiya sistemləri, hesablama və elektron texnikası, rabitə və telekommunikasiya" ixtisası üzrə müxbir üzv, 2002-ci ildə isə həqiqi üzvü seçilib. 2002-ci ildə "SSRİ ixtiraçısı" medalı ilə təltif edilib.
M.A.Quliyevin məqalələri 7 dildə (Azərbaycan, rus, ingilis, fransız, macar, alman, ispan) dünyanın bir çox ölkələrində (Rusiya, Kanada, Meksika, Tunis, Türkiyə, İngiltərə və s.) çap olunub. Laboratoriya üzrə 180-ə yaxın elmi əsər, o cümlədən, 5 monoqtafiya və 2 ixtira çap olunub. Yubilyarı gənc yaşlarından tanıdığını deyən akademik Telman Əliyev Məmmədkərim Quliyevin bütün ömrünü elmə həsr etdiyini, onun öz sahəsində gözəl alim olduğunu, elmin digər istiqamətləri və incəsənətin bir çox sahələrinə yaxından bələd olduğunu qeyd etdi. Onun şəxsi keyfiyyətlərini yüksək qiymətləndirdi. İdarəetmə Sistemləri İnstitutunun "Fazi İqtisadiyyat" laboratoriyasının rəhbəri, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov, institutun ümumi işlər üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rauf Qədimov, "Xarici əlaqələr üzrə və İnnovasiya şöbəsi"nin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev, Determenik sistemlərdə qərarqəbuletmənin ədədi üsulları laboratoriyasının rəhbəri, riyaziyyət elmləri doktoru, professor Kamil Ayda-zadə, İnstitutun elmi işlər üzrə direktor müavini, texnika elmləri doktoru, professor Oqtay Nüsrətov, "Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə problemləri" laboratoriyasının rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayev və başqaları Məmmədkərim Quliyevin elmi nailiyyətlərinə yüksək qiymət verdilər, yüksək şəxsi keyfiyyətləri barəsində fikirləri ilə bölüşdülər. Məmmədkərim Quliyevin 80 illik yubileyinin təşkilinə və ünvanına səslənən fikirlərə görə, institut rəhbərliyinə və kollektivə minnətdarlığını bildirib.