GEAD-da “Gənclər günü” münasibətilə görüş keçirilib

8 Fevral 2015 14:05 (UTC+04:00)

"Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai Birliyində "Gənclər günü" münasibətilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşün qonağı fizika-riyaziyyat elmləri namizədi, dosent, böyük elmi işçi, AMEA-nın Gənc Alimlər Şurasının sədri Famin Salmanov olub.

Görüşü giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı görüş iştirakçılarına İctimai Birliyin əsas məqsədinin inkişaf edən Azərbaycanın elmi ənənələrini davam etdirmək, gənclərin elmi potensialını üzə çıxarmaq və onların elmi araşdırmalarına hərtərəfli dəstək verməklə ölkəmizdə iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində fəaliyyət göstərməyindən söz açıb.

Famin Salmanov AMEA-da gənc alimlərin icra etdikləri layihələrdən, elmi fəaliyyətlərindən danışıb. Gənc alimlərin dünya elmi arenasına çıxmasını Azərbaycan elm siyasətinin prioritet məqsədlərindən olduğunu qeyd edib. Bu mənada Azərbaycan gənc alimlərinin xarici elmi layihələrdə iştirakının vacibliyi vurğulanıb. Bu mənada GEAD İctimai Birliyi ilə AMEA-nın Gənc Alimlər Şurasının əməkdaşlıq perspektivlərindən danışıb.

Sonda, maraqlı və yaddaqalan çıxışına görə qonağa təşəkkürünü bildirən GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı bu əməkdaşlığın gələcəkdə Azərbaycan elminin inkişafına dəstək verəcəyinə inandığını qeyd edib.