"Fikir şənbəsi" klubunda "Axınla aşağı"

7 Fevral 2015 21:57 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi" klubunda bu dəfə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında çəkilən "Axınla aşağı" bədii filminin təqdimatı keçirilib. SİA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektoruna istinadən verdiyi məlumata görə, filmə baxışdan sonra Bilik Fondunun əməkdaşları və könüllülərinin, həmçinin yaradıcı qrupun iştirakı ilə ekran əsərinin müzakirəsi olub.

İştirakçılarının hər biri filmdən aldığı təəssüratı bölüşüb, onları maraqlandıran məqamlara toxunublar. Ssenari müəllifi və quruluşçu rejissor Asif Rüstəmov, baş rolun ifaçısı Namiq Ağayev "Axınla aşağı" filminin çəkiliş prosesindən, ideya istiqamətindən və cəmiyyətə ötürülən vacib mesajlardan bəhs ediblər, onlara ünvanlanan çoxsaylı sualları cavablandırıblar. Filmin ikinci təqdimatının məhz Bilik Fondunda baş tutmasını yüksək qiymətləndirən Namiq Ağayev Azərbaycanda kino sənəti sahəsində maarifləndirmə işlərinin aparılmasında Fondun böyük rol oynacağına əmin olduğunu deyib.

Psixoloji ailə dramı olan "Axınla aşağı" filmi bundan əvvəl yalnız Nizami kino Mərkəzində nümayiş olunub. Gənc rejissor Asif Rüstəmov filmin artıq yeddi xarici festivala göndərildiyini bildirib.

Sonda Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqlara Fondun hədiyyələrini təqdim edib, onlara yaradıcılıq uğurları arzulayıb.

"Axınla aşağı" filminin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyevdir. Ailə-məişət mövzusunda olan filmdə Namiq Ağayevlə yanaşı Mehriban Zəki və digər aktyorlar rol alıblar.