Ərzaq təhlükəsizliyini təmin edə biləcəyikmi?

7 Fevral 2015 16:28 (UTC+04:00)

İsmayıllıda 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunması ilə əlaqədar aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyi məsələlərinə həsr edilən müşavirə keçirilib. Aqrar sektorda çalışan iş adamlarının, fermerlərin, kənd təsərrüfatı məhsulları istehsalçılarının, ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirak etdikləri müşavirəni rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq Prezident İlham Əliyevin 2015-ci ili "Kənd təsərrüfatı ili" elan etdiyini bildirib, bununla əlaqədar qarşıda duran prioritet məsələlər barədə danışıb.

Müşavirədə "Kənd təsərrüfatının intensiv inkişafında həyata keçiriləcək tədbirlər, yeni istehsal sahələrinin təşkili ilə əlaqədar görüləcək işlər" mövzusunda məruzə dinlənilib, çıxışlar olub.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, iqtisad elmləri doktoru Rəsul Balayev müşavirədə "Aqrar sahənin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda çıxış edib.

Məruzə və çıxışlarda diqqət "Kənd təsərrüfatı ili"ndə qarşıda duran konkret vəzifələrdən, aqrar sektorun inkişafında torpaqlardan səmərəli istifadə olunması, elmi-texniki nailiyyətlərdən istifadənin zəruriliyindən danışılıb.

Məruzə və çıxışlarda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin proqram xarakterli nitqindən, qarşıya qoyduğu konkret vəzifələrdən danışılıb. Aqrar sektorun prioritet sahə olduğu vurğulanaraq, kənd təsərrüfatında səmərəliliyin artırılmasının, ərzaq təhlükəsizliyinin böyük önəm daşımasının zəruriliyi bildirilib.

Aqrar siyasətdə hədəfin ölkəni kənd təsərrüfatı məhsulları ilə tam və etibarlı şəkildə təmin etmək olduğu bildirilərək bu gün torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasının, torpaqların elektron uçot sisteminin aparılmasının, aqrar sektorda çalışan sahibkarlara hərtərəfli dəstək verilməsinin vacibliyi vurğulanıb.

Müşavirədə iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.