Ahıska Türkləri qurultaya hazırlaşır FOTOLAR

7 Fevral 2015 13:38 (UTC+04:00)

Bu gün Ahıska Türklərinin Vətən İctimai Birliyinin (ATVİB) ofisində birliyin Təşkilat Komitəsinin Üzvlərinin konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirin məqsədi Ahıska Türklərinin hər 3 ildən bir keçirilən qurultayına hazırlıq olub. Tədbiri çıxış sözü ilə açan ATVİB-in sədri İbrahim Məmmədov ədalətli seçkinin təşkil edilməsi üçün təşkilat komitəsinin daha aktiv və səmərəli iş görəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, hər 3 ildə bir dəfə keçirilən seçkidə Azərbaycanın bütün bölgələrindən nümayəndələr seçkiyə qatılaraq səs verir. Nəticədə ölkədə yaşayan 80 min nəfərə yaxın Ahıska Türkünü birləşdirən ATVİB-ə sədr seçilir. İbrahim Məmmədov onu da qeyd edib ki, biz hər seçkidə olduğu kimi, bu dəfə də ədalətli səsverməni müşahidə edəcəyimizə ümid edirik.

Daha sonra çıxış edən ATVİB-in sədr müavini Rüstəm Xəlilov seçki öncəsi təşkilat komitəsinin bölgələrdə görəcəyi işlərdən danışıb. O vurğulayıb ki, burada seçiləcək 15 nəfər üzvün səmərəli fəaliyyətini arzu edirik və bunun üçün əlimizdən gələni edəcəyik.

Çıxışların sonunda Təşkilat Komitəsi üzvləri müzakirə edilib və sonda 15 nəfərlik üzvün siyahısı tərtib edilib. Siyahıya əsasən Təşkilat Komitəsinin üzvlərinin adları belədir: Rüstəm Xəlilov, Xalid Rəhimov, Naim Şahman, Məhəmməd Şamilov, Zabit Abitov, Kərəm Qoçiyev, İbad Bədəlov, Əhməd Dursunov, Şahismayıl Zabitov, Xalid Xəlilov, Mustafa İlyasov, Kamal Abdurrazaqov, Nizam Veysalov, İsa Əlləzov, Ali Bayraqdarov.

Qeyd edək ki, Ahıska Türklərinin növbəti qurultayının mart ayının sonunda keçirilməsi planlaşdırılır.